Ukrayna NATO-ya üzvlükdən başqa təhlükəsizlik təminatlarının alternativ variantlarını müzakirə etməyə hazırdır, lakin bu təminatlar hüquqi baxımdan eyni gücə malik olmalıdır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik təminatlarının optimal formatı üç elementdən ibarət olmalıdır: Ukrayna Silahlı Qüvvələri, Avropa İttifaqı və NATO.
“Ordumuz real təminatdır və öz təcrübəsi, şəxsi heyətinin yüksək peşəkarlığı sayəsində Avropa qüvvələrini gücləndirə bilər. NATO-ya üzvlük ölkəyə vahid müdafiə alyansında iştirak və müttəfiq dövlətin hüquqi təminatlarını verir. Aİ-yə üzvlük Avropadan, NATO-ya üzvlük isə həm Avropadan, həm də ABŞ-dan asılıdır”, – Zelenski bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, ölkənin NATO-ya üzvlüyü məsələsi gündəmdə deyilsə, bunun müqabilində bərabərhüquqlu alternativ təqdim edilməlidir.
“Əgər NATO deyilsə, bunun əvəzinə nə təklif olunur? Biz eyni hüquqi qüvvəyə malik olması şərti ilə, hətta başqa ad altında olsa belə, ekvivalent təminatları müzakirə etməyə hazırıq”, – o qeyd edib.
Zelenski vurğulayıb ki, Ukrayna həqiqətən işləyəcək təhlükəsizlik təminatları almaq istəyir./APA