Aİ Arktika strategiyasını yeniləyir: İqtisadi imkanlar ön planda


Avropa İttifaqı (Aİ) Arktika bölgəsində təhlükəsizliyin gücləndirilməsi, dayanıqlı infrastrukturun qurulması və iqtisadi imkanların inkişafını nəzərdə tutan yeni strategiyasını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda çıxışı zamanı Arktikanın Avropanın gələcəyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

“Arktika geosiyasi güclərin birbaşa qarşı-qarşıya gəldiyi bölgədir. Bu, strategiyamıza yenidən baxmağımızı tələb edir”, – deyə fon der Leyen bildirib. Onun sözlərinə görə, yeni strategiya regionun və Avropa xalqlarının ortaq maraqlarını qorumağa, təhlükəsizliyi və iqtisadi imkanları artırmağa yönəlib.

Aİ Komissiyasının sədri Arktikada temperaturun yüksəlməsinin Avropaya birbaşa təsir göstərdiyini də qeyd edib. Onun sözlərinə görə, bölgədə istiləşmə Avropada daha güclü və uzunmüddətli ekstremal hava hadisələrinə səbəb olur, eyni zamanda ekosistemlərə, kənd təsərrüfatına və su ehtiyatlarına təsir edir.

Fon der Leyen vurğulayıb ki, Arktika strategiyasının mərkəzində bölgədə yaşayan insanlar, ailələr, icmalar, yerli xalqlar və gələcəyini burada qurmaq istəyən gənclər dayanmalıdır.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ