Oruc hər ürək xəstəsi üçün uyğun deyil - Kardioloqdan TÖVSİYƏLƏR


“Oruc tutmaq sağlam insanlarda olduğu kimi bəzi ürək xəstələrində də müsbət təsir göstərə bilər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında həkim-mütəxəssis kardioloq Dr. Emil Hasilov bildirib.

Onun sözlərinə görə, düzgün qidalanma və maye balansı qorunduğu halda oruc tutmaq arterial təzyiqin bir qədər azalmasına, çəkinin azalmasına, qanda şəkər və xolesterin səviyyəsinin yaxşılaşmasına, maddələr mübadiləsinin tənzimlənməsinə kömək edə bilər:

“Xüsusilə vəziyyəti stabil olan - yəni təzyiqi nəzarətdə olan, ürək çatışmazlığı yüngül dərəcədə olan və ya işemik ürək xəstəliyi sabit gedişli olan xəstələr həkim nəzarəti ilə oruc tuta bilərlər”.

Müsahibimiz vurğulayıb ki, lakin oruc hər ürək xəstəsi üçün uyğun deyil. Dediyinə görə, uzun müddət susuz qalmaq qanı qatılaşdıra, tromboz riskini artıra və təzyiqin kəskin dəyişməsinə səbəb ola bilər. Ağır ürək çatışmazlığı, nəzarətsiz hipertenziya, tez-tez ritm pozuntusu, yaxın zamanda infarkt və ya ürək əməliyyatı keçirmiş xəstələr üçün oruc təhlükəli ola bilər.

Emil Hasilov: Vəziyyəti stabil olan xəstələr həkim nəzarəti ilə oruc tuta bilərlər

Emil Hasilov qeyd edib ki, qruc tutmaq istəyən ürək xəstələri mütləq əvvəlcədən kardioloqla məsləhətləşməlidir:

“Dərmanların qəbul saatı düzgün planlanmalı, iftar və sahurda ağır, duzlu və yağlı qidalardan uzaq durulmalı, kifayət qədər maye qəbul edilməlidir. Döş qəfəsində ağrı, güclü halsızlıq, başgicəllənmə və ya təzyiqdə ciddi dəyişiklik olarsa, oruc dayandırılmalıdır”.

Kardioloq bildirib ki, nəticə olaraq, oruc məsələsində əsas prinsip fərdi yanaşmadır.

“Hər xəstənin vəziyyəti ayrıca qiymətləndirilməlidir və sağlamlıq hər zaman ön planda tutulmalıdır. Allah orucunuzu və dualarınızı qəbul etsin”, - deyə Emil Hasilov əlavə edib.


MANŞET XƏBƏRLƏRİ