“İran əleyhinə həyata keçirilən ABŞ-ın “Epic Fury” əməliyyatı 100 saatdan artıqdır davam edir”.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper yaydığı videomüraciətdə bildirib.
Onun sözlərinə görə, əməliyyat çərçivəsində təxminən 2 000 hədəf vurulub, 2 000-dən çox sursat istifadə olunub:
“İranın hava hücumundan müdafiə sistemləri ciddi şəkildə zəiflədilib. Yüzlərlə ballistik raket, buraxılış qurğusu və pilotsuz uçuş aparatı məhv edilib”.
Komandanın sözlərinə görə, əməliyyatın ilk 24 saatı 2003-cü ildə İraqda keçirilmiş “şok və dəhşət” (shock and awe) kampaniyasından demək olar ki, iki dəfə daha genişmiqyaslıdır.
Kuper əməliyyata cəlb olunan texnikaların adlarını və vurulan hədəfləri də sadalayıb:
- 200-dən çox döyüş təyyarəsi iştirak edib;
- B-2, B-1 və B-52 bombardmançıları dərinlikdə yerləşən raket obyektlərini və komanda mərkəzlərini vurub;
- Dəniz zərbələri nəticəsində 17 İran gəmisi, o cümlədən bir sualtı qayıq məhv edilib;
- ABŞ-ın iki aviadaşıyıcı zərbə qrupu İranı dənizdən mühasirəyə alıb;
- ABŞ ilk dəfə olaraq PrSM uzun mənzilli raketlərini və LUCAS kamikadze dronlarını real döyüş şəraitində tətbiq edib;
- Əməliyyata 50 000-dən çox ABŞ hərbçisi cəlb olunub.
CENTCOM-un komandanı vurğulayıb ki, hazırda ABŞ qüvvələri İranın qalan mobil raket buraxılış qurğularını aşkarlayıb məhv etməyə çalışır.
İran isə cavab olaraq, 500-dən çox ballistik raket və 2 000-dən çox dron atıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
Bizim.Media