ABŞ senatoru Berni Sanders ölkəsinin İrana qarşı müharibəsini qanunsuz və konstitusiyaya zidd adlandıraraq, Demokratları müharibənin dayandırılması üçün maliyyələşdirmənin azaldılmasına çağırıb.
Turkustan.az xəbər verir ki, Sanders CNN-ə müsahibəsində ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərdə uğur qazanan Demokratların qarşıdakı dövrdə həyata keçirməli olduğu siyasətlərdən danışıb.
İranla müharibəyə toxunan senator Demokratların müharibəni dayandırmaq üçün həm qətnamələr qəbul etməli, həm də ona ayrılan maliyyəni azaltmalı olduğunu bildirib.
“Demokratların edə biləcəyi şey müharibəni dayandırmaqdır. Biz bunu təkcə qətnamələr qəbul etməklə deyil, həm də müharibənin maliyyələşdirilməsini azaltmaqla edə bilərik”, – deyə Sanders qeyd edib.
O, müharibənin qanunsuz və konstitusiyaya zidd olduğunu vurğulayaraq, qarşıdurma nəticəsində 19 amerikalı hərbçinin həlak olduğunu, İranda və qonşu ölkələrdə isə minlərlə günahsız qadın, kişi və uşağın öldürüldüyünü bildirib.
Sanders müharibənin ABŞ-a yüz milyardlarla dollara başa gəldiyini də qeyd edib. Onun sözlərinə görə, müharibə fonunda benzin və digər zəruri malların qiymətləri də əhəmiyyətli dərəcədə artıb.
Aytən Yaşar/ Turkustan.az