Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Vitkoffla telefon danışığı apararaq Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması məsələsini müzakirə edib.
Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında paylaşım edərək telefon danışığının 1,5 saat davam etdiyini bildirib.
O, Ukrayna, ABŞ və Rusiya arasında nümayəndə heyətləri səviyyəsində üçtərəfli görüşə hazırlaşdıqlarını qeyd edib.
“Ukrayna, ABŞ və Rusiya arasında nümayəndə heyətləri səviyyəsində üçtərəfli formata hazırlaşırıq. Bir həftədən az vaxt qalıb”, – deyə Zelenski bildirib.
Ukrayna lideri Brüsseldə də müharibənin başa çatdırılması və ölkəsinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müzakirələrin davam etdiyini vurğulayıb.
“Bu müharibəni mümkün qədər tez bitirmək üçün danışıqlar mümkün qədər intensiv aparılmalıdır. Ukrayna lazımi addımları atmağa hazırdır, təkliflərimiz aydındır və biz onları ABŞ tərəfinə çatdırmışıq”, – deyə Zelenski qeyd edib.
Aytən Yaşar/ Turkustan.az