Sənətçilərimizlə görüşən Türkiyə Prezident Ərdoğan: "Can Azərbaycana məndən salam söyləyin!"
Xəbər verdiyimiz kimi, oktyabrın 30-da qardaş Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 13-cü Zirvə görüşü keçirilib.
Zirvə çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Prezident Sarayında qala konsert təşkil olunub.
Azərbaycanı bu möhtəşəm konsertdə "Vətən" muğam qrupunun solistləri – tanınmış tarzən Ruslan Zərbaliyev və kamança ifaçısı Pərviz Fərhadov uğurla təmsil ediblər.
TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin üzvləri olan hər iki sənətçi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının müəllimləridir.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan peşəkar musiqiçilərin birləşdiyi TÜRKSOY orkestri Türk dünyasının mədəni birliyini öz zəngin repertuarı ilə nümayiş etdirir.
Xüsusi olaraq qurulmuş böyük və təmtəraqlı səhnədə baş tutan konsertdə TÜRKSOY Xalq Çalğı Alətləri Orkestri ilə yanaşı, simfonik orkestr, hərbi orkestr və tarixi Mehter orkestri də iştirak edib.
Konsert proqramında tədbirə qatılan ölkələrin hər birinə aid milli musiqi nümunələri təqdim olunub, o cümlədən Azərbaycanın xalq mahnısı "Sarı gəlin" böyük coşqu ilə səsləndirilib.
Qeyd edək ki, sənətçilərimiz 11 ilə yaxındır ki, TÜRKSOY-un təşkil etdiyi tədbirlərdə yaxından iştirak edirlər. Onlar qurumun 30 illik yubiley medalı ilə təltif olunub, bundan əvvəl də Parisdə, UNESCO-nun Baş Qərargahında, BMT-nin Cenevrə Ofisində, Dünya Əqli Mülkiyyət Təşkilatında (WIPO) və Dünya Xalqları Musiqi Təşkilatında (lOV) yüksək səviyyəli çıxışlar ediblər.
Ankaradakı mötəbər gecədə TDT dövlət başçılarının qarşısında çıxış edən solistlərimiz bəstəkar Həsən Rzayevin məşhur "Çahargah" rapsodiyasını tar və kamança alətlərində yüksək sənətkarlıqla səsləndirərək dinləyicilərin zövqünü oxşayıblar.
Tədbirdə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, TÜRKSOY-un keçmiş baş katibi və TÜRKSOY orkestrinin yaradıcısı Düsen Kaseinov, təşkilata üzv dövlətlərin Türkiyədəki səfirləri, nazirlər, millət vəkilləri də iştirak ediblər.
Zirvə çərçivəsində təntənəli anlar yaşanıb, Türk dünyasının mədəniyyətinə və birliyinə göstərdiyi böyük xidmətlərə görə Düsen Kaseinov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən TDT-nin "Əlişir Nəvai adına Beynəlxalq Mükafatı" ilə təltif olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistanın Sərdar Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman və Prezident İlham Əliyevin tapşırığı ilə zirvə görüşündə Azərbaycanı təmsil edən xarici işlər naziri Ceyhun Bayramov sənətçilərimizə yaxınlaşaraq onları təbrik edib və xatirə fotosu çəkdiriblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan musiqiçilərimizlə səmimi söhbət edib, onlara öz dərin minnətdarlıqlarını bildirib. Prezident Ərdoğan sənətçilərimizlə sağollaşarkən: “Can Azərbaycana məndən salam söyləyin!", – deyərək qardaş ölkəyə olan xüsusi sevgisini və ehtiramını bir daha nümayiş etdirib.
Qeyd edək ki, indiyə qədər respublika və beynəlxalq müsabiqələrin qalibi olmuş Ruslan Zərbaliyev və Pərviz Fərhadov muğam sənətimizi dünyanın bir çox yerlərin – İtaliya, Fransa, İsveçrə, Türkiyə, Yaponiya, Estoniya, Macarıstan, Latviya, Almaniya, Qazaxıstan, Litva, Özbəkistan, Rusiya, İran, Amerika Birləşmiş Ştatları, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Ukrayna, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Niderland, Portuqaliya, Çin, Bolqarıstan, Kanada və digər ölkələrdə keçirilən geniş qastrol səfərlərində, möhtəşəm festival və konsertlərdə Azərbaycanı yüksək səviyyədə təmsil ediblər. Onlar dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə milli musiqi nümunələrimizi yüksək səviyyədə təqdim edərək müqəddəs bayrağımızı da dalğalandırmağa davam edirlər.
Sənətçilərimizə Azərbaycan muğamının və musiqisinin inkişafı yolunda yeni uğurlar arzulayırıq!






