Türkiyəyə qarşı verdiyi qəribə bəyanatlarla zaman-zaman gündəmə gələn Uqanda Müdafiə Qüvvələrinin komandanı Muhuzi Kayneruqaba bu dəfə iki ölkə arasındakı hərbi münasibətlərə dair verdiyi qərarla diqqət mərkəzinə düşüb.
Turkustan.az xəbər verir ki, general Uqanda hökumətinin müxalifi Fred Kajubi Lumbuyenin Türkiyə tərəfindən ekstradisiya edilmədiyini əsas gətirərək, Ankara ilə bütün müdafiə və hərbi əməkdaşlığın dayandırıldığını elan edib.

Uqanda prezidenti Yoveri Museveninin oğlu olan və sosial meyadakı bəyanatlarına görə "Tvitter Generalı" kimi tanınan Muhuzi Kayneruqaba atası Museveni rəhbərliyinə qarşı sərt tənqidləri ilə seçilən siyasi müxalif Fred Kajubi Lumbuyenin təhvil verilməməsini bu qərarın əsas səbəbi kimi göstərib.
Uqanda Ordu sözçüsü Kris Magezi məsələyə münasibət bildirərək deyib:
"Uqanda Xalq Müdafiə Qüvvələri (UPDF) Türkiyə Respublikası ilə olan bütün müdafiə və hərbi əməkdaşlığını hazırkı andan etibarən dayandırıb. Bu qərar iki ölkə arasındakı hərbi əməkdaşlığa dair problemlər həll olunana qədər qüvvədə qalacaq".
Müxalif Fred Kajubi Lumbuye xüsusilə sosial media üzərindən etdiyi paylaşımlarla Uqanda rəhbərliyini hədəf alması ilə tanınır. Rəsmi Kampala tərəfindən atılan bu addımdan sonra iki ölkə arasındakı diplomatik və müdafiə əlaqələrinin gələcəyi maraq doğurur.
/Musavat.com