Mustafa Cəmiloğlu: Ukrayna xalqı öz dövləti və xalqı üçün sonuna qədər savaşacaq və əminəm ki, bu savaşı qazanacaq


Onunla 2022-ci ilin İyul ayında İstanbuldakı "Atlas" kinoteatrında "Mustafa" bioqrafik filminin tanıtımında görüşüb, müsahibə götürmüşdüm. "Bu savaş 8 il öncə Krımda başladı, Krımda da bitəcək. Putin bizim ölkəmizi tamamən işğal edib, özünə uyğun kukla hökumət yaratmaq istəyir" demişdi Mustafa Cəmiloğlu (Krımoğlu). Bugün yenə "Atlas" kinoteatrında Krım film günlərində bir araya gəldik və Ukrayna-Rusiya savaşının bugünkü durumunu dəyərləndirdik.
Mustafa Aqaya 4 il öncə dediklərini xatırladaraq Ukraynadakı bugünkü durumla bağlı fikirlərini soruşdum.

- Mən indi fikrimi bir az dəyişdirdim, bu savaşı bitirmək üçün ilk öncə Krımı qurtarmaq lazımdır. Biz əgər Krımı qurtara bilsək, Putin rejiminin beli qırılacaq. Amma təəssüf ki, bu o qədər də asan deyil, çünki dünyadan yetərli dəstək almırıq. Çox insanlar ölür, ruslar bu günə qədər bir milyon dörd yüz minə yaxın insan itirdi, bir qismi də yaralı və əsir olaraq əlimizə keçdi. Bizim də ruslar qədər olmasa da çox itkimiz var. Ruslar imkanlarından istifadə edib bizim infrastrukturlarımızı vurmağa çalışırlar, bu qışın bizim üçün çox çətin olacağını düşünərək ümid edirlər ki, biz çətinliklərə dözməyib onlara təslim olacağıq. Bu əsla mümkün deyil, Ukrayna xalqı öz dövləti və xalqı üçün sonuna qədər savaşacaq və əminəm ki, bu savaşı qazanacaq. Bu Krım-tatar türklərinin gələcəyi üçün də yaxşı olacaq, əgər Krım yarımadası rusların əlinə keçsə, Krım xalqının bir gələcəyi olmayacaq, bu insanlar Krımı tərk edəcəklər, basqılar nəticəsində artıq bir çoxu tərk edib. Amma hal-hazırda Ukraynada 300 min Krım-tatar türkü var və mücadilə edirlər.


- Mustafa Aqa, siz dediniz ki, dünyadan yetərli dəstək almırıq, amma Avqust ayında NATO-nun Türkiyədə keçirilən toplantısında Tramp və bəzi Avropa ölkələrinin rəhbərləri Ukraynaya dəstək verəcəklərini bəyan etdilər.
- "Ukraynaya dəstək vermək lazım" deyən çox boş danışanlar var, amma təəssüf ki, bu yetərli deyil. Anlamırlar ki, bu savaş sadəcə Ukraynanın öz varlığı üçün deyil, eyni zamanda dünyadakı millətlərarası hüquq üçün də əhəmiyyətlidir. Əgər Allah göstərməsin Ukrayna yıxılarsa, Avropada nələrin olacağını təsəvver etmək çətin deyil. Təəsüf ki, Avropanın davranışları yetərli qədər qərarlı və ölçülü deyil. Amerikada isə respublikaçılar deyiləndə biz Ronald Reyqan kimi biri gələcək deyə düşündük, amma təəssüf ki belə birisi olmadı.
- Bəs Donald Tramp necə?
- O basqı altında qalırsa bəlkə Ukraynaya dəstək verər, amma nə zaman ruslar sıxışsa o, əlindən gəldiyincə ruslara yardım edir. Amerika senatosu, konqresi tərəfindən müəyyən sanksiyalar qəbul edildi, amma yenə də onları həyata keçirmək üçün Trampın qərarı lazımdır. Mən əminəm ki, Tramp nə edib o sanksiyaların həyata keçirilməsinə mane olacaq, çünki indidən elan etdi ki, bu sanksiyalara bir ay sonra baxacaqmış. Amma sosioloji araşdlrmalara görə Amerikanın yüzdə yetmişi Ukraynanı dəstəkləyir və əlbəttə Tramp nə qədər bizi sevməsə də bunu hesaba almaq məcburiyyətindədir. Amerika ictimai rəyi səbəbiylə Amerikadan müəyyən dəstək alırıq amma bu iş Trampa qalsa bəlkə də bizə deyil, Rusiyaya dəstək verəcək.

Yaqut Misirxanlı
İstanbuldan "Türküstan" qəzeti üçün


MANŞET XƏBƏRLƏRİ