Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın xarici ölkə vətəndaşlığı ilə bağlı cinayət işi üzrə istintaq hələ də davam edir.
Turkustan.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi hazırda iş üzrə ilkin istintaqın davam etdiyini bildirib. Komitə Sarkisyanın başqa dövlətin vətəndaşlığına malik olub-olmadığının artıq müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi və hansı istintaq hərəkətlərinin aparıldığı barədə əlavə məlumat verməkdən imtina edib. Səbəb kimi həmin məlumatların istintaq sirri olması göstərilib.
Məsələnin mərkəzində Sarkisyanın Böyük Britaniya vətəndaşlığı dayanır. Sarkisyan daha əvvəl Böyük Britaniya vətəndaşlığını 2002-ci ildə aldığını, 2011-ci ildə isə ondan imtina etdiyini bildirmişdi.
Mövzu onun 2018-ci ildə Ermənistan prezidenti seçilməsi üçün konstitusion tələblərə cavab verib-verməməsi ilə bağlıdır. Həmin dövrdə prezidentliyə namizədin əvvəlki altı il ərzində yalnız Ermənistan vətəndaşı olması tələb edilirdi. Vətəndaşlıq məsələsi ilə bağlı cinayət işinin başlanmasına hələ illər əvvəl vəkillərin müraciəti və sənədlərin həqiqiliyinə dair yaranmış suallar səbəb olmuşdu.
Avqustun 20-də Nikol Paşinyan Sarkisyanın Böyük Britaniya vətəndaşlığından imtinasını təsdiqləyən sənədləri gördüyünü, lakin onları özü ilə götürmədiyini və ətraflı araşdırmadığını bildirib.
İstintaq Komitəsi isə hazırkı mərhələdə Sarkisyanın başqa ölkə vətəndaşlığının olub-olmamasına dair yekun nəticəni ictimaiyyətə açıqlamayıb./Musavat.com