Avtomobil almağı planlaşdıranlar üçün ən vacib suallardan biri qiymətlərin hansı istiqamətdə dəyişəcəyidir.
Bazarda son dövrlər müşahidə olunan dalğalanmalar fonunda bir çox alıcı qərar verməyə tələsmir və payıza qədər qiymətlərin necə olacağını gözləyir.
Bəs yeni mövsümə qədər avtomobil bazarında hansı dəyişikliklər gözlənilir və alıcılar üçün ən doğru seçim nə olacaq?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, payıza qədər yeni və ikinci əl avtomobil bazarında kəskin qiymət dəyişikliyi gözlənilmir:
“Lakin müəyyən modellər üzrə qiymətlərdə cüzi artım və ya azalma ola bilər. Yeni avtomobillərin qiyməti əsasən istehsalçıların qiymət siyasətindən, valyuta məzənnəsindən və idxal xərclərindən asılıdır.
İkinci əl bazarında isə təklif və tələbin səviyyəsi əsas rol oynayır. Payız aylarında avtomobil alışına maraq artdığı üçün bəzi modellərin qiymətində cüzi bahalaşma müşahidə oluna bilər.
Qiymətlərə təsir edən əsas amillər valyuta məzənnəsi, gömrük rüsumları, daşınma xərcləri, beynəlxalq avtomobil bazarındakı vəziyyət, ehtiyat hissələrinin qiyməti və ölkə daxilində tələb-təklif balansıdır.
Həmçinin elektromobillər və hibrid avtomobillərlə bağlı dövlət siyasəti də bazara təsir göstərən amillərdəndir”.
Onun sözlərinə görə, avtomobil almaq üçün ən uyğun vaxt seçilən modeldən və bazardakı vəziyyətdən asılıdır:
“Əgər hazırda münasib qiymətə və yaxşı vəziyyətdə avtomobil tapılıbsa, alış-verişi təxirə salmağa ciddi ehtiyac olmaya bilər.
Payızda seçim imkanları arta bilər, lakin tələbin yüksəlməsi bəzi avtomobillərin qiymətinin bahalaşmasına da səbəb ola bilər”.
Ekspert qeyd edib ki, buna görə də bazarı izləmək və qiymətləri müqayisə edərək qərar vermək daha məqsədəuyğundur.