Çevik iş rejimi Bakıda tıxacı azaldacaq? - AÇIQLAMA


Azərbaycanda "Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nda və ölkə başçısının fərmanı ilə təsdiqlənmiş sənədlərdə hibrid və digər formatlı iş saatlarının tətbiqi nəzərdə tutulur. Bu addım əmək bazarının təkmilləşdirilməsi ilə yanaşı, nəqliyyat sıxlığının azaldılması üçün də imkanlar yaradır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu addım əmək bazarının təkmilləşdirilməsinə və işsizliyin aradan qaldırılmasına yönəlməklə yanaşı, nəqliyyat sıxlığını azaltmaq üçün də imkanlar yaradır.

Lakin ekspertin sözlərinə görə, əks-təsirlərin ortaya çıxmaması üçün yanaşmalar dəqiq olmalıdır:

“Bütün işçilər eyni vaxtda işə başlayıb eyni vaxtda çıxanda bu, həm fərdi avtomobillərdə, həm də ictimai nəqliyyatda (metro və avtobuslarda) sıxlıq yaradır. İnsanlar vaxtında işə və evlərinə gedib çata bilmirlər. Yolda gərginlik, əsəb və yorğunluq keçirən jurnalist, müəllim və ya mühəndis işə gecikirsə, o işin keyfiyyəti aşağı düşür".

Müsahibimiz qeyd edib ki, əgər bir işi məsafədən görmək mümkündürsə və keyfiyyətli iş ortaya qoyulursa, insanları məcburi şəkildə işə cəlb etmək doğru deyil. İş saatlarının dəyişdirilməsi, bəzi işlərin evdən və ya kənardan idarə olunması, müxtəlif saatlara keçirilməsi yaxşı nəticə verə bilər. Dünyada bu təcrübə var və Azərbaycanda da tətbiqi mümkündür.

Elməddin Muradlı: İş saatlarının dəyişdirilməsi yaxşı nəticə verə bilər

E.Muradlı vurğulayıb ki, kortəbii qərarlar ziyan vura bilər və tətbiq mexanizminə, dövlət nəzarətinə xüsusi diqqət yetirilməlidir. Dediyinə görə, elə bir mexanizm qurulmalıdır ki, insanlar bundan zərər çəkməsin, kimsə işini itirməsin və ya daha az qazanc əldə etməsin:

"Hansısa məmur "rəhbərliyin tapşırığıdır" deyə özbaşına qərar verib bir işi iki nəfərə həvalə edə bilər, 10 nəfəri evdən işləməyə göndərə bilər və ya hətta həyat yoldaşının adını "evdən işləyir" kimi qeyd edib oturduğu yerdən maaş yazdıra bilər. Belə neqativ halların ortaya çıxmaması üçün "qərar verilib, mütləq bu formada icra etməliyik" deyə kor-koranə addım atılmamalıdır. Məsələn, dərslərin onlayn qaydada keçirilməsi kimi addımların müsbət və mənfi tərəfləri dəqiq təhlil edilməlidir”.


MANŞET XƏBƏRLƏRİ