Ölümcül virus sürətlə yayılır: ölkələri təşviş bürüdü – Yeni pandemiya…


Son günlər hantavirus və “Hondius” gəmisində qeydə alınan yoluxma halları dünya ictimaiyyətində narahatlıq yaradıb. Bu hadisə Çində kiçik müəssisədə başlayan və daha sonra qlobal pandemiyaya çevrilən koronavirusla müqayisə edilir. İddialara görə, COVID-19-dan sonra dünya artıq yeni pandemiya ilə üz-üzədir.

Hantavirusun pandemiyaya çevrilmə ehtimalı varmı?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, hantavirus ilə koronavirus arasında müəyyən oxşarlıqlar olsa da, onlar tamamilə fərqli viruslardır:

“Hər iki virus insanlarda ağır tənəffüs problemləri yarada, bəzi hallarda ölümcül ola bilər. Ancaq əsas fərq onların yayılma mexanizmindədir. Koronavirus çox asan şəkildə insandan insana hava-damcı yolu ilə yayıldığı üçün qısa müddətdə pandemiyaya çevrildi. Hantavirus isə əsasən gəmiricilərdən, xüsusilə siçanların sidiyi, nəcisi və tüpürcəyi ilə çirklənmiş mühitdən insanlara keçir. İnsanlar daha çox virusla çirklənmiş tozu nəfəsə çəkdikdə yoluxurlar. Dünyada hantavirusla bağlı narahatlıqlar artır, lakin hazırda bu virusun COVID-19 səviyyəsində qlobal pandemiyaya çevrilmə ehtimalı aşağıdır. Bunun əsas səbəbi hantavirusun insanlar arasında çox zəif yayılmasıdır. İndiyə qədər yalnız bəzi növlərində, xüsusilə Cənubi Amerikada rast gəlinən “Andes” hantavirusunda nadir hallarda insandan insana keçmə faktları qeydə alınıb. Lakin bu, koronavirusdakı kimi sürətli və genişmiqyaslı hesab edilmir”.

Həkim bildirib ki, hantavirusun ilkin əlamətləri adətən qripə bənzəyir:

“Xəstələrdə yüksək hərarət, güclü halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, eləcə də qarın ağrısı müşahidə oluna bilər. Xəstəlik ağırlaşdıqda isə öskürək, nəfəs darlığı, ağciyərlərdə maye toplanması və bəzi hallarda böyrək problemlərinin yaranması mümkündür. Xüsusilə gəmiricilərin çox olduğu, uzun müddət bağlı qalan tozlu məkanların təmizlənməsi zamanı ehtiyat tədbirlərinə əməl etmək vacibdir”.


MANŞET XƏBƏRLƏRİ