“SM-Klinika”nın onkoloqu Dmitri Penzov bildirib ki, onkoloji xəstəliklər çox vaxt açıq və aydın əlamətlər olmadan inkişaf edir, adi narahatlıqlar kimi görünə bilir. Lakin hər hansı simptom iki həftədən çox davam edərsə, həkimə müraciət etmək lazımdır.
Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, xüsusilə bəlğəmdə qanla müşayiət olunan öskürək ağciyər xərçənginin əlaməti ola bilər.
Bağırsaq fəaliyyətində dəyişikliklər – qəbizlik və ishalın növbələşməsi, tam boşalmama hissi, nəcisdə qan görünməsi isə yoğun bağırsaq və ya düz bağırsaq xərçənginə işarə edə bilər. Bu hallar çox vaxt babasil ilə qarışdırılır.
Mütəxəssis döş nahiyəsində bərkimə, süd vəzisinin formasında dəyişiklik, məmə ucundan ifrazat və dəridə “portağal qabığı” görünüşünün də təhlükəli siqnal olduğunu vurğulayıb.
Sidik ifrazı zamanı çətinlik, sidikdə qan görünməsi də onkoloji proseslə bağlı ola bilər.
Qeyd edək ki, bundan başqa, uzunmüddətli səs batıqlığı, qulağa vuran boğaz ağrısı, bərk qidanı udmaqda çətinlik də ciddi xəbərdarlıq əlamətləri sayılır. /Cebheinfo.az/