Oruc ibadəti təkcə mənəvi təmizlənmə deyil, həm də bədənin müəyyən müddət ərzində fərqli qidalanma rejiminə uyğunlaşması deməkdir. Xüsusilə Ramazan ayında oruc tutanlar gün ərzində uzun müddət ac və susuz qalır ki, bu da orqanizmdə maddələr mübadiləsinə, qan təzyiqinə, şəkər səviyyəsinə və ümumi enerji balansına təsir göstərə bilər.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, mütəxəssislərə görə, sağlam insanlar üçün düzgün qidalanma və maye qəbulu ilə oruc təhlükəsiz şəkildə tutula bilər.
Lakin bəzi xroniki xəstəlikləri olan şəxslər daha diqqətli olmalı, hətta oruca başlamadan əvvəl həkimlə məsləhətləşməlidirlər. Xüsusilə şəkərli diabet, arterial hipertenziya, ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı, mədə-bağırsaq problemləri, anemiya və hormonal pozuntuları olan şəxslər risk qrupuna daxildir. Hamilə qadınlar, süd verən analar və yaşlı insanlar da sağlamlıq vəziyyətlərini nəzərə almalıdırlar.
Bu baxımdan, oruc tutanların düzgün qidalanma rejimi seçməsi, imsak və iftar arasında balanslı menyuya üstünlük verməsi, kifayət qədər su qəbul etməsi və dərman qəbulunu həkim nəzarəti altında tənzimləməsi xüsusi əhəmiyyət daşıyır.

Bəs oruc tutanlar nələrə diqqət etməlidir? Xroniki xəstələr nədə diqqətli olmalıdırlar?
Şamaxı rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti İradə Tağıyeva Musavat.com-a deyib ki, bu ay həm ruhən, həm də fiziki baxımdan xüsusi dövr sayılır və sağlamlığın qorunması üçün qida rejiminə diqqət edilməlidir.
Həkim vurğulayıb ki, imsak vaxtı qidalanmadan oruc tutmaq düzgün yanaşma deyil:
“Səhər qəbul edilən balanslı qidalar gün ərzində enerjinin stabil qalmasına kömək edir. Zülalla zəngin məhsullar – yumurta, süd və süd məhsulları, kəsmik, qaymaq kimi qidalar toxluq hissini daha uzun müddət saxlayır. Həddindən artıq duzlu və yağlı yeməklər isə gün ərzində susuzluğa səbəb olur.
İftar zamanı ağır yeməklərdən çəkinmək tövsiyə olunur. Orucu su və ya xurma ilə açmaq, sonra isə yüngül şorba ilə davam etmək həzm sistemi üçün daha uyğundur. Uzun müddət ac qaldıqdan sonra qızardılmış və çox yağlı yeməklərə üstünlük vermək olmaz.
Orqanizmin maye balansını da qorumaq lazımdır. Həkim bildirir ki, iftarla imsak arasında ən azı 1,5–2 litr su içmək vacibdir. Qazlı və şəkərli içkilər isə susuzluğu aradan qaldırmaq əvəzinə orqanizmə mənfi təsir göstərə bilər. Xroniki xəstəliklərdən, xüsusilə arterial təzyiq, şəkərli diabet və mədə-bağırsaq problemlərindən əziyyət çəkən şəxslər oruc tutmazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər”.
Həkim-terapevt Hüseyn Hüseynov isə bildirib ki, sağlam insanlar üçün oruc tutmağın çox faydası var:
“Oruc tutmaq insan orqanizminin yenilənməsində böyük əhəmiyyət kəsb edir. Hüceyrələr müəyyən qədər yenilənir, bir çox xəstəliklərin yaranmasının qarşısı alınır. Bir ay müddətində qida rejiminin dəyişməsi fasiləsiz işləyən mədə ilə bərabər, həzm sisteminin və digər orqanların dincəlməsinə kömək edir. Oruc tutmaq böyrəklər, bağırsaqlar, öd kisəsi üçün çox faydalıdır. Zehni qabiliyyəti gücləndirir, dərini təravətləndirir, orqanizmin stress və çətin şəraitə qarşı dözümlülüyünə, immun sisteminin möhkəmlənməsinə zəmin yaradır”.
Həkim-terapevtin bildirdiyinə görə, tədqiqatlar göstərir ki, oruc tutmaq şəkərli diabet (2-ci tip), ürək xəstəlikləri, mədə-bağırsaq xəstəliyi və hətta xərçəng xəstəliyinin qarşısını alır:
“Təbii ki, oruc tutan vaxt qida rasionuna fikir vermək lazımdır. İmsak və iftar zamanı düzgün qidalanmaq vacibdir”.
H.Hüseynov əlavə edib ki, yaşlı şəxslər, yetkinlik yaşına çatmayanlar, uşaqlar, hamilə qadınlar, süd verən analar, uzaq səfərə çıxanlar, çox ağır şəraitdə çalışanlar, şəkərli diabet, ürək-damar sistemi xəstələri, yüksək və aşağı təzyiqli insanlar, gün ərzində məcburən xəstəliklə bağlı dərman qəbul edənlər, qaraciyər və öd kisəsində ciddi problemi olanlar, mədə xorası xəstəliyindən və onkoloji xəstəlikdən əziyyət çəkən şəxslər oruc tuta bilməzlər.
![]()
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun qastroenteroloqu Hicran Qurbanova da qeyd edib ki, Ramazan ayında oruc tutan şəxsin fiziki fəaliyyəti, orucun özünə uyğun olmalıdır:
“Yəni oruc tutan şəxs bədənini çox yormamalı, lakin eyni zamanda sağlamlığını qorumağa davam etməlidir. Fiziki fəaliyyət zamanı bəzi məqamlara diqqət yetirmək vacibdir. Oruc tutarkən daha yüngül və az yorucu idman növlərinə üstünlük vermək tövsiyə olunur. Məsələn, yürüşlər, yüngül yoga, pilates və ya evdə edilə bilən sadə məşqlər yaxşı seçimdir. Ağrısız məşqlər, yüksək intensivlikdə idman (məsələn, uzun müddətli qaçış, yüksək ağırlıq qaldırma) oruc tutan şəxsə əlavə yorğunluq gətirə bilər. Bu cür fəaliyyətlər orucun sonunda bədənə əlavə yük ola bilər və bədənə lazım olan enerji tələbatını azalda bilər.
İftardan sonra fiziki fəaliyyət etmək ən ideal zamandır, çünki orucdan sonra bədənin enerjisi geri qayıdır. Bu vaxtda orucdan sonra yüngül idman və ya məşqlər etmək daha yaxşıdır. İftardan ən az 30-60 dəqiqə sonra fiziki fəaliyyətə başlamaq məsləhət görülür. Sahurdan əvvəl idman etmək daha az tövsiyə edilir, çünki bədən hələ enerji və su ehtiyatlarına malik olmayacaq. Ancaq, yüngül bir fəaliyyət (məsələn, qısa bir yürüş) sahurdan əvvəl edilə bilər, amma bu zaman su ehtiyatlarını tamamladığınızdan əmin olmalısınız. Oruc zamanı 20-30 dəqiqəlik yüngül və orta intensivlikdə idman etməyin sağlamlıq üçün heç bir ziyanı yoxdur. İntensiv məşqlərdən çəkinin, çünki bədən yorulacaq və enerji səviyyəsi aşağı düşə bilər. Məşqlərin intensivliyini aşağı tutun, yəni daha çox aerobik məşqlərə (yüngül qaçış, velosiped sürmə, yüngül yoga) yönəlmək daha yaxşıdır”.