Goranboy Rayon Mərkəzi Xəstəxanasından "Qafqazinfo"ya verilən məlumata görə, fevralın 20-si 02.04.2025-ci il təvəllüdlü azyaşlı Mirzəyev Nihat Sərvan oğlu Yuxarı Ağcakənd tibb məntəqəsində yaşına uyğun olaraq rutin profilaktik müayinədən keçirilib:
"Milli Peyvənd Təqviminə əsasən göyöskürək, difteriya, tetanus, b tipli Haemophilus influenzae, hepatit B və poliomielit infeksiyalarına qarşı 6 komponentli (Heksaksim) peyvəndin, həmçinin pnevmokok infeksiyasına qarşı peyvəndin 2-ci dozası tətbiq edilib.
Peyvənddən sonra azyaşlı tibb məntəqəsində müəyyən olunmuş müddət ərzində tibbi müşahidə altında saxlanılıb, hər hansı kəskin allergik reaksiya, anafilaktik əlamət və ya digər klinik dəyişiklik qeydə alınmayıb. Gün ərzində uşağın səhhəti ilə bağlı narahatlıq müşahidə edilməyib.
Fevralın 21-i saat 13:10 radələrində Goranboy rayonunun Yuxarı Ballıqaya kəndindən təcili tibbi yardıma çağırış daxil olub. Təcili tibbi yardım briqadası saat 13:25-də Şəfəq-Qaraçinar ərazisində çağırış edən şəxslərlə qarşılaşıb və 2025-ci il təvəllüdlü azyaşlının ölüm faktını təsdiq edib. Ölüm hadisəsi ev şəraitində baş verib.
Azyaşlının meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisənin zaman intervalı və klinik gedişi anafilaktik reaksiyanın tipik xüsusiyyətlərinə uyğun deyil. Anafilaktik reaksiyalar adətən peyvənd tətbiqindən sonra bir neçə dəqiqə, ən gec bir neçə saat ərzində inkişaf edir və kəskin klinik əlamətlərlə müşayiət olunur. Mövcud məlumatlara əsasən ölüm hadisəsinin anafilaktik reaksiya ilə əlaqəsi təsdiq olunmur.
Hazırda fakt üzrə müvafiq qaydada araşdırma davam edir və yekun rəy məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra açıqlanır". /Musavat.com/