Orqanizmimizdə hər hansı bir problem yarandıqda, immun sistemi buna reaksiya verir və ümumi sağlamlığın qorunması üçün müəyyən siqnallar göndərir. Bu hal dünyanın ən təhlükəli xəstəliklərindən biri olan xərçəng zamanı da müşahidə oluna bilər. Əgər orqanizmdə şiş (törəmə) yaranmağa başlayırsa, bədən bəzi əlamətlərlə bunu hiss etdirə bilər.
Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, mütləq həkimə müraciət etmək və müayinədən keçmək tövsiyə olunur:
Dəridə qaşınma
Bəzi hallarda xərçəng zamanı orqanizmdə gedən iltihabi proseslər və immun sisteminin reaksiyası qan dövranına təsir göstərə bilər. Bu da dəridə izaholunmaz və uzunmüddətli qaşınmaya səbəb ola bilər.
Sidikdə dəyişikliklər
Sidiyin rəngində, qoxusunda və ya tərkibində dəyişiklik (məsələn, qan qarışması, köpüklənmə və ya kəskin qoxu) müşahidə edilərsə, bu, müxtəlif sağlamlıq problemlərinin, o cümlədən ciddi xəstəliklərin əlaməti ola bilər və mütləq tibbi yoxlama tələb edir.
Səsdə dəyişikliklər
Səsin uzun müddət davam edən xırıltılı olması və ya tembrinin dəyişməsi bəzi hallarda qırtlaq nahiyəsində problemlərlə, o cümlədən ciddi xəstəliklərlə əlaqəli ola bilər. Belə dəyişikliklər davamlıdırsa, həkimə müraciət etmək vacibdir.
Qeyd etmək lazımdır ki, sadalanan əlamətlər hər zaman xərçəng anlamına gəlmir. Onlar bir çox digər, daha yüngül xəstəliklərin də göstəricisi ola bilər. Dəqiq diaqnoz yalnız tibbi müayinə və analizlər əsasında qoyula bilər. /Yeni Sabah/