Axşam saatlarında Xankəndidən MARAQLI GÖRÜNTÜLƏR - VİDEO


Günəş batmaq üzrədir, hava yavaş-yavaş qaralır. Xankəndidə axşam düşür. Şəhərdə canlanma məhz bu saatlardan başlayır. Günün bu çağında burada olmağın yaratdığı doğmalıq hissini sözlə ifadə etmək çətindir.

Turkustan.az xəbər verir ki, İctimai TV Xankəndidən xüsusi reportaj hazırlayıb.

Axşam saatlarında işdən çıxanlar tələsmirlər. Yavaş addımların hər birində günün zəhməti, alın təri və sabaha olan ümid hiss olunur. Yolboyu verilən salamlar bir-birinə dayaq olmağın, həmrəyliyin ifadəsidir. Şəhərin mərkəzi bu saatlarda daha da canlanır. Bir qədər kənarda isə sakinlər bir araya gələrək xatirələrini bölüşürlər. Beləcə, keçmiş asta-asta bu günlə qovuşur və yaddaşlarda xoş xatirələrə çevrilir.

Universitetin qarşısı hər şəhərdə olduğu kimi burada da gənclərin səsi ilə doludur - tələbələrin söhbəti, gülüşü, dərsdən sonrakı planları... Lakin Xankəndidə şəhərin gələcəyi məhz bu gənclərlə yenidən qurulur.

Universitet mühitinə yeni uyğunlaşan tələbələrdən biri təəssüratlarını belə bölüşüb:

"Burada indi özümüz görürük ki, vaxt çox gözəl keçir. Tələbələr üçün hər cür şərait yaradılıb".

Saatlar keçdikcə küçələrdə alış-verişdən qayıdan ailələr görünür. Əllərdə paketlər, doğma evə dönməyin rahatlığı var. Günün işi başa çatıb, ev yolu başlayıb. Hava tam qaraldıqca gənclərin səsi daha gur eşidilir. Universitet yataqxanasının pəncərələrindən süzülən işıq həyətə düşür. Kənddən, rayondan və şəhərlərdən gələnlər burada artıq bir həyətin sakinlərinə çevriliblər.

Təhsil şəraiti və şəhərdəki yeni həyat barədə digər bir tələbə isə belə deyib:

"Mənə əvvəl elə gəlirdi ki, burada darıxacağam. Ancaq bura gəldikdən sonra yeni tanışlar, yeni dostlar qazandım. Dərsdən sonra vaxtımızı səmərəli keçirməyə çalışırıq. Müasir infrastrukturla qurulan yeni İqtisadiyyat və Biznes korpusu, eləcə də savadlı müəllimlər insana oxumaq üçün əlavə motivasiya verirlər".

/yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ