ABŞ-ın İrana hücum ehtimalı ilə bağlı yayılan məlumatlar fonunda 2003-cü ildə İraqa qarşı keçirilən əməliyyat yenidən gündəmə gəlib. O zaman ABŞ və Britaniya BMT Təhlükəsizlik Şurasının razılığı olmadan İraqa hücum etmiş, ölkənin lideri Səddam Hüseyni devirmiş və bu dövləti “demokratikləşdirməyə” çalışmışdılar. Həmin dövrdə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü hücumun əleyhinə səs vermişdi, amma ABŞ və İngiltərə buna rəğmən planlarını həyata keçirmişdilər.
İranla artan gərginlik fonunda Vaşinqtonun eyni addımı atıb-atmayacağı, Britaniyanın bu məsələyə yanaşması və İsrailin mövqeyi bir sıra suallar doğurur.
ABŞ 2003-cü il təcrübəsini təkrarlayacaqmı? İraqa olduğu kimi, İrana da Britaniya ilə birlikdə hücum edəcək? İsrail bu hücumda açıq rol oynayacaq, yoxsa arxa planda qalacaq? BMT Təhlükəsizlik Şurası bu hücuma razılıq verməlidirmi?
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, hazırda beynəlxalq hüquq sistemi faktiki olaraq işlək vəziyyətdə deyil və beynəlxalq institutlara müraciət edilmir:
“Hər kəs öz bildiyini edir. ABŞ-ın üç tələbi var. Bunun ikisi İranın qırmızı xətlərinin keçilməsidir. Burada söhbət raket proqramı və uranın zənginləşdirilməsindən gedir. Üçüncü tələb isə legitimdir – dövlətlərin işlərinə qarışmama prinsipi. Biz dövlətlərin bu məsələ ilə bağlı ABŞ-a müraciət etdiyini görməmişik.

Fərhad Məmmədov
Ağ Ev hazırda müxtəlif hesablamalar aparır, hansı formada hərbi müdaxiləni həyata keçirməli olduğunu müəyyənləşdirir. ABŞ əvvəl 12 günlük müharibəyə qoşulmuşdu, amma bu, İsrail-İran qarşıdurması ilə bağlı idi. İndi isə vəziyyət fərqlidir – Vaşinqton Tehranla birbaşa gərginlik içərisindədir.
Böyük Britaniyaya gəlincə, bu ölkə ABŞ-ın əməliyyatlarına dəstək verəcək, ən azından kəşfiyyat məlumatları və qırıcılar vasitəsilə. Bu isə Amerika ordusunun əməliyyatlara başlayıb bir neçə gün ərzində nəticə əldə etməsinə imkan yarada bilər”.