Havaların soyuması ilə birlikdə respirator xəstəliklərin yayılma riski də artır. Qrip və digər virus infeksiyalarından qorunmaq üçün Səhiyyə Nazirliyi oktyabrın 8-dən ölkə üzrə vaksinasiya kampaniyasına başlayır.
Nazirlik xaricdən Azərbaycana “Sanofi Pasteur” şirkətinin istehsalı olan təhlükəsiz və keyfiyyətli vaksinləri gətirib. Qripə qarşı peyvəndlər dövlət tibb müəssisələrində vətəndaşlara ödənişsiz şəkildə vurulacaq.
Bəs bu peyvənd kimlər üçün daha vacib sayılır? Nə zaman vurulması daha məqsədəuyğundur?
Mövzu ilə bağlı “Yeni Sabah”-a danışan yoluxucu xəstəliklər və qaraciyər xəstəlikləri üzrə mütəxəssis, infeksionist Mərdan Əliyev bildirib ki, qrip peyvəndi mövsümi viruslara qarşı mühüm qoruyucu tədbirdir:
“Biz kəskin respirator virus infeksiyalarına əsasən payız, qış mövsümündə yoluxuruq. Qrip peyvəndi bu virusa qarşı güclü qoruyucudur. Bunlar tək qripdən ibarət deyil, burada onlarla yoluxucu virus var: Adenovirus infeksiyası, rinovirus, lorovirus, koronavirusun müxtəlif ştamları , paraqrip və s.
Bu virusların da bir neçə serotipləri var ki, hər il respirator virusların, yəni yuxarı tənəffüs yollarının virus infeksiyasına səbəb olur. Bunların içərisində isə ən ağır olanı məhz qrip virusudur, çünki qripin pnevmoniya, sinusitlər kimi ağırlaşmaları olur. Ona görə də qrip peyvəndi vurdurmaq məsləhətlidir. Bu peyvənd digər viruslardan qorumasa da, qripin özündən insanları qoruyur”.
M.Əliyev əlavə edib ki, peyvəndin vaxtında - dekabr ayına qədər vurulması lazımdır. İnfeksionist xüsusilə risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsinin vacibliyini vurğulayıb:
“Əsasən, dekabrdan mart ayına qədər olan dövrdə yayılan viruslar qripin simptomları sayılır. Məhz bu səbəbdən dekabr ayından öncə peyvənd vurulmalıdır”.
Mütəxəssis risk qrupuna daxil olan insanların peyvəndlənməsini vacib sayır. Bura yaşı 65-i ötmüş, ağciyərində obstruktiv xəstəliyi olanlar, xroniki ağciyər xəstəliyi daşıyıcıları, immun sistemi zəiflər, steroid preparatı ilə müalicə alanlar, revmatoid-artriti olanlar, orqan nəqli olan şəxslər daxildir: “Bu şəxslərin immun sistemi zəif olur və buna görə qripi ağır keçirə bilərlər. İlk növbədə bu qrupa daxil olanların peyvəndlənməsi vacibndir”.