Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 81,14 dollara satılır.
Turkustan.az xəbər verir ki, ötən gün 82,23 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 81,71 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09,44-də bağlanış vaxtı ilə müqayisədə 0,7 faiz azalaraq 81,14 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin barreli 77 dollara satılıb.
Qiymətlərin enişində Yaxın Şərqdə atəşkəs gözləntiləri və dünyanın ən böyük xam neft idxalçısı olan Çinin neft tələbatı ilə bağlı narahatlıqlar təsirli olub.
İsrailin 2023-cü il oktyabrın 7-də Qəzza zolağına başlatdığı hücumları dayandırmaq üçün tərəflər arasında uzun müddətdir danışıqlar davam edir.
Bazar günü İsrail Baş Nazirlik Ofisindən edilən yazılı açıqlamada, İsrail Xarici Kəşfiyyat Təşkilatı Mossad-ın direktoru David Barneanın başçılıq etdiyi nümayəndə heyətinin atəşkəs və qarşılıqlı məhbus mübadiləsi razılaşması ilə bağlı danışıqlar üçün bu gün Dohaya gedəcəyi bildirilib.
Atəşkəs ehtimalı bazarlarda tədarüklə bağlı narahatlıqları azaldır.
Milli Statistika Bürosunun ötən həftə açıqladığı məlumatlara görə, Çin iqtisadiyyatı ilin ikinci rübündə gözləntilərin altında 4,7 faiz artıb. Ölkənin neft tələbi ilə bağlı qeyri-müəyyənlik idxalın və neft emalı zavodlarının fəaliyyətinin aşağı səviyyədə qalacağına dair narahatlıqları artırır.
Digər tərəfdən, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-ın xam neft və benzin ehtiyatlarının azalması qiymətlərin aşağıya doğru hərəkətini məhdudlaşdırır.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ölkənin ticari xam neft ehtiyatları keçən həftə təxminən 3 milyon 700 min barrel, benzin ehtiyatları isə təxminən 5 milyon 600 min barrel azalıb.
Ehtiyatların azalması ölkədə tələbin yüksək olaraq qaldığını göstərir.
Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 82,31-83,61 dollar arası diapazon müqavimət, 81,01-79,71 dollar arası isə dəstək zonası kimi nəzərdən keçirilə bilər.
Eltac Zülfüqaroğlu/Turkustan.az