Azərbaycanda 2027-ci ildən çips və şirinləşdirilmiş qazlı içkilərə aksiz vergisinin tətbiqi təklif edilir.
DVX-nin 2027-ci ilin büdcə-vergi siyasətinə dair təqdimatında yeni aksizlərin zərərli məhsulların istehlakını azaltmaqla əhalinin sağlamlığını qorumağa və dövlət büdcəsinin gəlirlərini artırmağa xidmət edəcəyi bildirilir.
Təklifə əsasən, yerli istehsal olunan çipsin hər kiloqramına 1 manat, şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə isə 10 qəpik aksiz vergisi tətbiq olunacaq. Bu, 100 qramlıq çips üçün 10 qəpik, bir litrlik içki üçün isə 10 qəpik əlavə aksiz yükü deməkdir.
Maraqlıdır ki, DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov noyabrın 6-da Milli Məclisdə çıxışı zamanı əhalinin sağlamlığının qorunmasının əsas məqsəd olmadığını bildirib. Onun sözlərinə görə, çips və şirinləşdirilmiş içkilər zərərli məhsullar kateqoriyasına daxil olsa da, başlıca məqsəd beynəlxalq vergi siyasəti təcrübəsinin Azərbaycanda tətbiq edilməsidir.
“Bu cür məhsulların aksizli mallar kateqoriyasına daxil edilməsi müxtəlif ölkələrin təcrübəsində də geniş yayılmış dünya praktikasına uyğundur. Bu cür məhsullar ümumilikdə zərərli məhsullar kateqoriyasına da daxildir. Lakin burada əsas məqsəd bu deyil. Başlıca məqsəd beynəlxalq təcrübədə geniş yayılmış vergi siyasəti praktikasının bu məhsullara münasibətdə də tətbiq edilməsidir”, – idarə rəisi bildirib.
Bəs, bu qərar həmin məhsulların nə qədər bahalaşmasına səbəb olacaq?
Mövzu bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, istənilən rüsum və vergi qiymət artımına təsir edir:
“Bu mənada yeni ildən bəzi məhsullara aksiz vergisinin tətbiq edilməsi təklifi bahalaşma yaradacaq. Əgər bu məhsullar insan sağlamlığı üçün zərərlidirsə, onda bu məhsullar dövriyyədən çıxardılmalıdır. Vergini artırmaqla insanların sağlamlığı necə qoruna bilər ki?
Təbii ki, aksiz vergisinin tətbiqi qiymətlərə təsir göstərəcək. Belə ki, hər cipsi paketi 15-20 qəpik bahalaşacaq. Eyni zamanda, şirinləşdirilmiş qazlı içkilərin də qiyməti artacaq. Bu da o deməkdir ki, çips və şirinləşdirilmiş qazlı içkiləri yeni ildən daha baha qiymətə alacağıq”.