Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq məqsədilə liderlər səviyyəsində üçtərəfli sammitin keçirilməsi ilə bağlı danışıqların davam etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, danışıqlar aparmaq məqsədilə İrlandiyanın paytaxtı Dublinə səfər edən Zelenski ölkənin Baş naziri Maykl Martinlə görüşüb.
İkitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Zelenski Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində diplomatik səyləri dəyərləndirib.
O xatırladıb ki, noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar keçirilib.
Danışıqlarda 1000 nəfərin 1000 nəfərə dəyişdirilməsi prinsipi əsasında əsir mübadiləsi məsələsinin müzakirə olunduğunu bildirən Zelenski bununla bağlı daha geniş mübadilənin mümkünlüyünü də istisna etməyib:
“Bəlkə də 1200 əsirin qarşılıqlı şəkildə mübadiləsi mümkün ola bilər. Bu, çox müsbət bir inkişaf olardı. Rusiyanın bundan imtina etməsi üçün heç bir səbəb görmürəm. Amma hər şey mümkündür. İkinci məsələ təhlükəsizlik zəmanətləridir. Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müxtəlif formatları müzakirə olunub”.
Zelenski, həmçinin bildirib ki, Ukrayna danışıqlar zamanı Rusiyaya enerji infrastrukturuna hücumları dayandırmağı və dənizdə atəşkəs elan etməyi təklif edib. Lakin onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin belə bir təkliflə bağlı qərar vermək səlahiyyəti olmadığı üçün hələlik məsələ üzrə razılıq əldə edilməyib.
Aytən Yaşar/Turkustan.az