ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək


Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən bu mexanizmlər çətin iqlim şəraitində yaşayanların sosial müdafiəsini gücləndirməyə və bölgələrə ixtisaslı kadr axınını stimullaşdırmağa xidmət edir.

Yüksək dağlıq ərazilərdə iqlim şəraitinə görə tətbiq olunan əmsallar

İqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan yüksək dağlıq yaşayış məntəqələrində çalışan işçilərin, o cümlədən dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsallar hesablanır.

Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən, bu artımlar yaşayış məntəqəsinin dəniz səviyyəsindən hündürlüyündən asılı olaraq üç pillədə müəyyən edilib.

Dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək hündürlükdə yerləşən məntəqələrdə işləyənlərin maaşına minimum 1,1 əmsal (10 faiz artım), 1500 metrdən 2000 metrədək hündürlükdə olan ərazilərdə 1,2 əmsal (20 faiz artım), 2000 metrdən artıq yüksəklikdə yerləşən kənd və qəsəbələrdə çalışanların əməkhaqqına isə 1,3 əmsal (30 faiz artım) tətbiq olunur.

Sözügedən siyahıya rayonların mərkəzləri deyil, konkret yüksək dağlıq kəndlər daxildir. Ölkə üzrə bu kateqoriyaya düşən yaşayış məntəqələrinin böyük əksəriyyəti şimal və şimal-qərb bölgəsində — Quba (Xınalıq, Qrız, Cek və s.), Qusar (Ləzə, Sudur və s.), Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının payına düşür. Qərb bölgəsində Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir, cənub bölgəsində isə Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonlarının dağlıq kəndlərində çalışanlar bu əlavələrdən yararlanırlar.

Eyni qayda Naxçıvan Muxtar Respublikasının Şahbuz, Ordubad, Culfa, Babək rayonlarının, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müvafiq yüksəklikdə yerləşən yaşayış məntəqələrinə də şamil edilir.

İşğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislər üçün güzəştlər

Böyük Qayıdış proqramı çərçivəsində Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər üçün xüsusi həvəsləndirici paket tətbiq olunur. Bu güzəştlər Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayon və şəhərlərində fəaliyyət göstərən, peşə, orta ixtisas və ya ali təhsili, həmçinin son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan işçilərə şamil edilir.

Qanunvericiliyə uyğun olaraq, həmin ərazilərdə çalışan mütəxəssislərin aylıq tarif (vəzifə) maaşlarına minimum 1,2 əmsal (20 faiz) artım tətbiq olunur. Bununla yanaşı, işçilərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara 600 manat məbləğində birdəfəlik müavinət ödənilir və əsas məzuniyyət günlərindən əlavə hər il 5 təqvim günü əlavə məzuniyyət verilir.

Onu da qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə çalışan işçi həm də yüksək dağlıq ərazi üzrə əmsal almaq hüququna malikdirsə (məsələn, Kəlbəcər və ya Laçının yüksək dağlıq kəndlərində), bu əmsallar ayrı-ayrılıqda toplanaraq deyil, daha yüksək olan hədd tətbiq edilməklə hesablanır.

Ucqar kənd məktəblərində işləyən gənc müəllimlərə dəstək

Regionlarda təhsilin keyfiyyətini artırmaq və gənc kadrları kənd məktəblərinə cəlb etmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə xüsusi həvəsləndirmə mexanizmi qüvvədədir. Kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə qəbul olunan 35 yaşadək gənc mütəxəssislərə iş yerinin rayon mərkəzindən uzaqlığından asılı olaraq aylıq əlavələr verilir.

Belə ki, H1 istiqaməti üzrə — yəni rayon mərkəzindən 3 kilometrdən 20 kilometrədək məsafədə yerləşən kənd məktəblərində çalışan gənc müəllimlərin aylıq əməkhaqqına kommunal və yol xərclərini qarşılamaq üçün 60 manat əlavə ödənilir. Rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən məktəblərdə (H2 istiqaməti) fəaliyyət göstərənlər üçün isə bu aylıq əlavə 160 manat təşkil edir. Bundan başqa, hər iki istiqamət üzrə işə başlayan gənc müəllimlərə ilkin əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım da ayrılır.

Ümumi əmək qanunvericiliyi ilə yanaşı, xüsusi dövlət orqanlarında — Silahlı Qüvvələrdə, sərhəd xidmətində, gömrük və hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlar üçün xidmət yerinin coğrafi mövqeyindən, sərhəd zonası olmasından və şəraitin ağırlığından asılı olaraq sahəvi qanunvericiliklə ayrıca əlavə ödənişlər tətbiq edilir.//yenisabah


MANŞET XƏBƏRLƏRİ