İspaniyanın Baş naziri Pedro Sançez Seuta şəhərində jurnalistlərə açıqlamasında qanunsuz miqrantların geri qaytarılması və deportasiyası prosesini sürətləndirmək məqsədilə yeni tranzit mərkəzinin yaradıldığını bildirib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, mərkəz yerli və mərkəzi hökumət orqanlarının əməkdaşlığı çərçivəsində fəaliyyət göstərəcək və şəhərə daxil olan qanunsuz miqrantların prosedurlarının daha operativ həyata keçirilməsinə xidmət edəcək.
Qeyri-qanuni miqrasiya axınına toxunan Sançez bildirib: "Bu, görünməmiş bir vəziyyətdir. Bu hadisə İspaniyada son aylarda müşahidə etdiyimiz qanunsuz miqrasiya axınının azalma tendensiyasını pozub. Buna görə də biz təkcə təcili tədbirlər görməməli, həm də uzunmüddətli həll yollarını həyata keçirməliyik".
Baş nazir əlavə edib ki, hökumət miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində Seutada təhlükəsizlik qüvvələrinin sayını da artırıb.
Aytən Yaşar/ Turkustan.az