Son illər süni intellekt texnologiyalarının sürətlə inkişafı təhsil sahəsində də ciddi dəyişikliklərə səbəb olub. Belə ki, artıq bir sıra dünya ölkələrinin praktikasında da müşahidə etmək mümkündür ki, dərs planlarının hazırlanması, testlərin yoxlanılması, fərdi tədris proqramlarının qurulması və hətta virtual müəllim köməkçilərinin tətbiqi genişlənir. Bu isə gələcəkdə süni intellektin müəllim peşəsinə təsiri və bəzi müəllimlərin funksiyalarını əvəz edib-etməyəcəyi ilə bağlı müzakirələri aktuallaşdırıb.
Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, süni intellektin inkişafı gələcəkdə əmək bazarında bir sıra peşələrə təsir göstərəcək və bu prosesdən ilk növbədə humanitar istiqamətlər təsirlənə bilər.
Onun sözlərinə görə, ilkin mərhələdə daha çox humanitar və pedaqoji sahələrdə dəyişikliklərin baş verməsi gözlənilir:
“Hazırkı proqnozlara əsasən, süni intellekt ilk növbədə humanitar yönümlü sahələrə təsir göstərəcək. Sonrakı mərhələdə isə bəzi texniki ixtisaslara da təsiri olacaq. Lakin texniki sahələrdə bu proses daha uzun zaman tələb edəcək”.
Ekspert hesab edir ki, yaxın illərdə müəllim peşəsinin tamamilə süni intellektlə əvəz olunacağı gözlənilmir:
“Yaxın 5-10 il ərzində müəllim peşəsinin tamamilə süni intellekt tərəfindən əvəz olunacağı real görünmür. Ancaq texnologiyalar inkişaf etdikcə, qarşıdakı 15-20 il ərzində bu istiqamətdə daha ciddi dəyişikliklərin şahidi ola bilərik”.
E.Əfəndi həmçinin vurğulayıb ki, süni intellekt müəllimi əvəz etməkdən daha çox onun işini asanlaşdıran vasitəyə çevriləcək:
“Süni intellekt müəllim peşəsini tam əvəz edə bilməz. Tədris prosesində canlı müəllimə hər zaman ehtiyac olacaq. Ancaq süni intellekt müəllimin işini daha səmərəli təşkil etməsinə, tədris prosesini daha rahat idarə etməsinə və məlumatın şagirdlərə daha əlçatan formada çatdırılmasına ciddi dəstək verəcək. Bu da ümumilikdə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək”.
Ekspertin fikrincə, müəllimlərin gələcəkdə rəqabət qabiliyyətini qoruması üçün yeni texnologiyalara uyğunlaşması vacibdir:
“Müəllimlər süni intellektlə rəqabət aparmaq istəyirlərsə, ilk növbədə bu alətləri mənimsəməli, onlardan səmərəli istifadə etməyi öyrənməlidirlər. Süni intellekt sahəsində bilik və bacarıqlarını artıran müəllimlər gələcəkdə bu texnologiyaların yaratdığı imkanlardan faydalana biləcəklər”.