Su qıtlığına qarşı maarifləndirmə: “Yaşıl Dünya” layihəni uğurla yekunlaşdırıb


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" adlı layihənin icrası başa çatıb.

Bu barədə Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" EMİB sədri, layihənin rəhbəri Elman Cəfərli məlumat verib.

Onun sözlərinə görə, layihənin İcra Planında nəzərdə tutulan bütün fəaliyyətlər uğurla icra edilib. Beləki iyunun 16-dan 30-a qədər Bakı şəhərində ekoloqların, ətraf mühit üzrə araşdırmaçıların və bioloq alimlərin iştirakı ilə video-müsahibələr təşkil edilib. Onun sözlərinə görə, ilk olaraq "Pozan" TV-də coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmraninin iştirakı ilə "Su ehtiyatlarının azalmasına qarşı adaptasiya tədbirləri" adlı video-müsahibə hazırlanıb. Daha sonra arqar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyevin iştirakı ilə "Suvarmada yeni dövr: su kanallarının yenilənməsi günün tələbidir" mövzusu müzakirə edilib. "Su qıtlığı qapıda: ərzaq təhlükəsizliyi necə təmin ediləcək-qlobal iqlim fəsadları, quraqlıq və şoranlaşma" mövzusunda müzakirədə isə verilişin qonağı ətraf mühit üzrə tədqiqatçı Samir Əsədli olub. Nəyahət, BDU Ekologiya və torpaqşünaslıq fakültəsinin baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Qismət Yunusoğlunun iştirakı ilə "Müasir dövrün səmərəli su idarəçiliyi" adlı video-müsahibə hazırlanıb və yayımlanıb. Bundan başqa kütləvi informasiya vasitələrində ətraf mühit məsələləri üzrə tədqiqatçılarla, o cümlədən ekoloqlarla, bioloq alimlərlə maarifləndirici xarakterli müsahibələr yayımlanıb. Müsahibələrdə Azərbaycanın su ehtiyatlarının azalmasının əsas səbəbləri, bu prosesə təsir göstərən iqlim amilləri, müasir suvarma texnologiyalarının tətbiqi, səmərəli su idarəçiliyinin təmin olunması istiqamətində fermerlər üçün praktik tövsiyələr, su qıtlığının yaratdığı risklər və təhlükə siqnalları, eləcə də su ehtiyatlarının azalmasının biomüxtəlifliyə mümkün təsirləri ilə bağlı mütəxəssis rəylərinə geniş yer verilib.
Layihə çərçivəsində həmçinin Salyan və Saatlı rayonlarında fermerlərin, ictimai fəalların və könüllü təbiətsevərlərin iştirakı ilə ictimai müzakirələr təşkil olunub. Müzakirələr zamanı "Yeni dövrün tələbi: səmərəli su idarəçiliyinə keçid" və "Ağıllı su sistemlərinin tətbiqi: beynəlxalq təcrübə" mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirlərdə fermerləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb, səmərəli su idarəçiliyinə keçid, eləcə də müasir və qənaətcil suvarma texnologiyalarının tətbiqi ilə bağlı təklif və tövsiyələr dinlənilərək qeydə alınıb. İştirakçıların səsləndirdiyi fikir və təşəbbüslərin gələcək fəaliyyətlərdə nəzərə alınması məqsədilə müvafiq qeydlər aparılıb.
Layihə rəhbəri Elman Cəfərli layihənin uğurla icrasına və tədbirlərin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Salyan və Saatlı rayon icra hakimiyyətlərinə, eləcə də Saatlı rayonunun Qaranuru bələdiyyəsinə təşəkkürünü bildirib.


MANŞET XƏBƏRLƏRİ