Türkiyədə sabahdan qadağandır – Azərbaycanda da ola bilər


Türkiyədə avqustun 1-dən etibarən falçı, medyum, astroloq və oxşar xidmətlərin reklamına qadağa tətbiq ediləcək. Yeni qaydalar xüsusilə sosial media və rəqəmsal platformalarda istehlakçıların aldadılmasının qarşısını almağı hədəfləyir. Azərbaycanda da son illər “TikTok” və “Instagram”da falçı, astroloq və medyumların sayı sürətlə artır.

Bizdə də oxşar qanun tətbiq edilə bilərmi və ya ehtiyac varmı?

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, bu sahədə müəyyən qərarların qəbuluna ehtiyac var:

“Təəssüf ki, Azərbaycanda da uzun illərdir falçılar, astroloqlar və bu kimi xidmətlər göstərən şəxslər sərbəst fəaliyyət göstərirlər. Onlar sosial şəbəkələrdə kifayət qədər aktivdirlər və müxtəlif vədlərlə vətəndaşları aldadırlar. Bu cür halların sayı getdikcə artır və nəticədə aldadılan insanların sayı da çoxalır. Bu isə məyusedici haldır”.

Ceyhun Memmedov 900x675 1

Ceyhun Məmmədov

Deputat bildirib ki, Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılmalıdır:

“Müvafiq tədbirlər həyata keçirilməli, zəruri hüquqi mexanizmlər tətbiq olunmalıdır ki, bu cür fəaliyyətlərin və insanların vətəndaşlara vurduğu ziyanın qarşısı alınsın. Çünki söhbət təkcə ayrı-ayrı şəxslərdən getmir. Bu kimi hallar cəmiyyətə kütləvi şəkildə mənfi təsir göstərən ciddi bir problemdir”.

Ləman İmran


MANŞET XƏBƏRLƏRİ