“Alutech Baku”nun direktoru, incəsənət üzrə fəlsəfə doktoru Fərid Abdullayev həbs edilib.
Turkustan.az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, o, külli miqdarda narkotik satışında təqsirli bilinib.
47 yaşlı sənətşünas Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Mərdəkan qəsəbəsi ərazisində cinayət başında yaxalanan Abdullayevin üzərindən külli miqdarda narkotik vasitə olan metamfetamin aşkar edilib.
Fərid Abdullayev məhkəmədə özünü təqsirli bilməyib. O, ifadəsində şahid kimi tanınan dostundan narkotik vasitə aldığını, lakin ona və başqasına satmadığını deyib.
Təqsirləndirilən şəxsin daha əvvvəl həbs edilən dostu isə onun əleyhinə ifadə verib. Deyib ki, uzun müddət birlikdə narkotik istifadə ediblər, sonradan isə ondan 1 qramı 40 manat olmaqla metamfetamin almışdır.
Məhkəmənin hökmü ilə Fərid Abdullayev 6 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fərid Abdullayev incəsənət üzrə fəlsəfə doktorudur. O, əvvəllər “Art Service”nin, tutulana kimi isə “Alutech Baku” şirkətinin direktoru işləyib.