“Korrupsiya adət-ənənə halını alıb” - Vahid Əhmədovdan GÜNDƏM YARADACAQ MÜSAHİBƏ


“Mən çox narahatam ki, gələn ilin əvvəlində qiymət artımını ciddi şəkildə hiss edəcəyik. Bu, sadə proses deyil”.

Bunu Bakıvaxtı.az-a müsahibəsində keçmiş deputat, iqtisadçı-alim Vahid Əhmədov deyib.

Onunla bunun səbəbləri, eləcə də sahibkar özbaşınalığından, məmurların korrupsiyalaşmasından, bəzi icra başçılarının yarıtmaz fəaliyyətindən danışmışıq.

Vahid Əhmədovla söhbəti təqdim edirik.

Maaşın artırılmasına dair elanı oxuyan kimi, qiymətləri yüksəldirlər

- ABŞ, İsrail və İran arasındakı gərginliyin davam etməsi dünya iqtisadiyyatına mənfi təsir göstərir. Azərbaycan iqtisadiyyatı da bu iqtisadi zəncirin bir həlqəsidir. Bu üzdən təsirlər bizdən də yan keçməyəcək. İqtisadiyyatımızı necə qorumalıyıq?

- Bu, zəncirvari prosesdir. İstər ABŞ, İsrail və İran arasındakı müharibə, istərsə də Ukrayna-Rusiya müharibəsi və digər proseslər dünya iqtisadiyyatına təsir göstərir. Hörmüz boğazının bağlanması ilə bağlı olaraq neftin qiyməti qalxır. Düzdür, Azərbaycan burada kifayət qədər gəlir əldə edir, amma biz idxalçı ölkəyik. Qida, geyim, hərb məhsulları, texniki avadanlıqlar və digər məhsulları idxal edirik. Neft bahalaşdıqca həmin məhsulların da qiyməti yüksəlir. Bu mənada müharibələrin Azərbaycana da təsirləri var. Bu təsir idxal etdiyimiz məhsulların bahalaşması ilə əlaqədardır. Bu, birinci məsələ.

İkincisi, iqtisadi əlaqələr zəifləyir, iqtisadi tənzimləmə prosesi həyata keçirilə bilmir. Ona görə də qiymət siyasətini bazar tənzimləməlidir. Bazar da o vaxt normal tənzimlənir ki, orada bolluq olsun, hər şey qaydasında olsun.

- Bu il mövsümi məhsullar - qarpız, gilas və başqa məhsullar belə ucuzlaşmadı...

- Bəli, avqust ayı gəlir, amma kənd təsərrüfatı məhsullarının qiyməti düşməyib. Birinci səbəb, yanacağın qiymətinin artmasıdır.

İkincisi, kifayət qədər çox məhsul idxal edirik.

Üçüncüsü, daxili alverçilər, sahibkarlar var ki, kəmfürsətlik edirlər. Azərbaycanda maaş və pensiyaların artırılmasına dair elanı oxuyan kimi, qiymətləri yüksəldirlər. Bu, faktdır və Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir.

- Müharibələr nə zaman bitə bilər, buna dair bir proqnozunuz varmı?

- Düşünmürəm ki, müharibələr qısa müddətdə başa çatsın. Rusiya-Ukrayna müharibəsi hələ davam edəcək, savaşın dayanması Rusiya prezidentinə sərf etmir. O cümlədən İsrail-İran müharibəsinin özündə də Amerikanın maraqları var. Bu da uzun çəkəcək. Ona görə də vəziyyət getdikcə gəginləşəcək. İri dövlətlər - Amerika və Çin - dünyanın bölüşdürülməsi məsələsində ümumi razılığa gəlməyincə, savaş bitməyəcək. Müəyyən mərkəzlər bu məsələləri idarə edirlər, amma əziyyət çəkən əhalidir. Bu qədər adam həyatını itirir. Başqa tərəfdən də yerli əhali qiymət siyasətinə görə əziyyət çəkir.

Gələn ilin əvvəlində qiymət artımını ciddi şəkildə hiss edəcəyik

- Növbəti ilə dair proqnozunuz maraqlıdır. Növbəti il bizi nə kimi iqtisadi kataklizmlər gözləyir?

- Mən çox narahatam ki, gələn ilin əvvəlində qiymət artımını ciddi şəkildə hiss edəcəyik. Bu, sadə proses deyil. Bunun siyasi tərəfləri də var. Qiymətlərin enməsinə ümid etmək olmaz, bu, qeyri-mümkündür. Düzdür, qiymət tənzimlənmir, amma lazım gələndə dövlət bazara müdaxilə etməlidir. Bunu düzgün hesab edirəm. Azərbaycanda dərman istehsal edilmir axı. Bu gün ölkəmizdə dərmanların qiyməti “əl yandırır”. Ciddi problemlər var. Düzdür, biz Milli Məclisdə çox çək-çevirdən, mübahisədən sonra Rəqabət Məcəlləsini qəbul etdik. Prezidentin yanında Anti-inhisar komitəsi formalaşdı. Bu komitə də işləməlidir. Heç olmasa, indiki zamanda monopoliya və inhisarçılığın qarşısı alınsa, yaxşı olar.

- Mənzil bazarında da qiymətlər dəyişir. Bəzi ekspertlər qiymətlərin qəfil enəcəyini iddia edirlər. Sizcə, qiymətlərin düşməsi ehtimalı varmı?

- Bu, zəncirvari prosesdir, hər şeyin qiyməti bahalaçacaq. Ərzaq, geyim, tikinti materialının qiyməti artırsa, mənzil necə ucuzlaşa bilər? Bütün bunların hamısı yanacaqla bağlıdır. Məhsulların maya dəyərini yanacaq artırır. Hələ biz yaxşıyıq, neft-qaz ixrac edib, gəlirlər əldə edirik. Amma dövlətlər var ki, neft və qazı idxal edirlər. Bu üzdən onlar da məhsulu baha satırlar.

Hansı sahəyə əl atırsan, yeyinti, korrupsiya və rüşvət halı var

- Sahibkarın özbaşınalığından danışdıq. Bu günlərdə məlumat yayıldı ki, bir neçə sahibkar regionlarda kənd təsərrüfatının inkişafı və güzəştli maliyyələşmə adı altında “Aqrarkredit” QSC-dən 100 milyon manatdan artıq kredit alıblar. Lakin o kreditləri təyinatı üzrə xərcləməyiblər...

- Cənab prezidentin apardığı siyasətə diqqət edirəm. Görürəm ki, şəffaflığın yaradılmasına çalışır, amma hansı sahəyə əl atırsan, yeyinti, korrupsiya və rüşvət halı var. Elə bil ki, bu, adət-ənənə halını alıb. İnsanlar həbs olunurlar, amma prosesin kökü kəsilmir. Çox yerdə belə hallar var. Anlamaq lazımdır ki, hər kəs yaxşı yaşamır. Bunun orta maaş alanı var, aşağı maaş alanı var. Bir milyon yüz mindən çox təqadçü mövcuddur. Onların böyük hissəsi aşağı pensiya alır. Aşağı müavinət alanlar var. Bunları nəzərə almaq lazımdır. 5-10 nəfər rüşvət alıb, yaxşı dolanır, o da sonradan əziyyətini çəkir, gedib türmədə yatır. Korrupsiyaya qarşı mübarizə aparılır. Hesablama Palatısında işinin peşəkarı olan auditorlar var, onlar ciddi yoxlamalar aparırlar. Amma hələlik tam qarşısını almaq mümkün deyil.

- Bank faizləri ilə bağlı da ciddi narahatlıqlar var...

- Azərbaycanda bank faizləri çox yuxarıdır. Bankların 3 gəlir mənbəyi mövcuddur. Birincisi, Mərkəzi Bankın verdiyi kreditlərdir.

İkincisi, hansı bankın xarici əlaqələri varsa, xarici maliyyə qurumlarından aldığı kreditdir.

Üçüncüsü və ən əsası insanların depozitləridir. Onlar əmanətləri 5-6, 12-13 faizlə götürürlər. 12-13 faizlə götürülən əmanəti müştəriyə 18-20 faizlə verirlər. 18-20 faizlə verilən krediti qaytarmaq çətindir. Bank faizlərinin aşağı salınması zəruridir. Avropa dövlətlərində 6-7 və hətta ondan da aşağı faizli kreditlər var. Güzəştli kreditlər verirlər. Hesab edirəm ki, güzəştə getmək lazımdır. Azərbaycanın kifayət qədər valyuta ehtiyatı formalaşıb. O valyuta ehtiyatından 2-3 milyard manat sahibkarlara dəstək vermək olar.

İcra strukturu ləğv edilməlidir

- Son zamanlar rayonlar, kəndlər boşalır, səbəb nədir?

- Cənab prezident kənd təsərrüfatı ilə əlaqədar iclasda qeyd etdi ki, niyə insanlar kəndlərdən, rayonlardan perik düşürlər? Səbəb aydındır, iş yeri yoxdur. İş yeri olsa, insanlar niyə qaçsınlar ki? Təmiz hava, təmiz su, təmiz adamlar...

- Bir səbəb də bəzi icra başçılarının yarıtmaz fəaliyyəti ilə bağlıdır. Kəndliyə suvarma üçün su vermir, onlar əkib-becərməkdən uzaqlaşırlar, sonra o torpaqları kəndlidən ucuz qiymətə alıb, özləri təsərrüfatla məşğul olub, varlanırlar. Bir sözlə, bəzi rayon icra başçıları katalizator rolunu oynayırlar...

- İcra strukturu ləğv edilməlidir. Azərbaycamda 14 iqtisadi rayon var. Cənab prezident Qarabağda nümayəndəlik yaradıb. Hər rayonda icra başçısı və onun aparatının olması əlavə xərcdir. Əksəriyyəti də rüşvətlə məşğuldur. Bu mənada o strukturu ləğv edib, 14 iqtisadi rayon etmək lazımdır. Həmin iqtisadi rayonlara nümayəndə təyin edib, işi də onlardan tələb etmək olar. Onda həm bürokratik cavabdeh 10 adam deyil, bir adam olacaq.

Cənab prezident icra başçılarını təyin edəndə diqqətlərinə çatdırır ki, gedin rayonlara investisiya gətirin. Hansı başçı investisiya gətirib. Başçı o səviyyədə olmalıdır ki, rayona investisiya gətirə bilsin. Burada problemlər çoxdur. Struktur dəyişikliyinə ciddi ehtiyac var.

İngilis dilini deyil, öncə xalqın dilini bilmək lazımdır

- Sizə həm media nümayəndlərinin, həm də Azərbaycan cəmiyyətinin böyük rəğbəti var. Məlum müsahibədən sonra bəzi deputat hamkarlarınız tənqid hədəflərinin oxunu sözə tuşlamışdı. Düzdür, cavablarını da aldılar. Sizcə, niyə “nəlbəkidə fırtına yaratdılar?”

- Mən təbiətən elə adamam ki, yalan danışa bilmirəm. Nə var, onu deyirəm. Bu kiminsə xoşuna gələr, kiminsə də xoşuna gəlməz. Mənim hamı ilə əlaqəm var. Nazirlərlə də əlaqələrim yaxşıdır. Məsləhətlərimi verirəm. Bəziləri qulaq asır, bəziləri qulaq asmır. O vaxt dedim ki, cavan nazirləri təyin edirirk, amma gəlin, təcrübəli kadrları da saxlayaq. Təcrübəli adamlar vardı, istehsalatdan gəlmişdilər, onları saxlamaq lazım idi. İndi gələn kimi hamını işdən çıxarırlar, öz qohum-qardaşlarımı gətirirlər. Belə olmaz axı, bu, dövlətin adıdır. Sən nazirsən, elə et ki, Ümumi Daxili Məhsuldan sabah 1 faiz deyil, 2 faiz gəlsin. Camaat yaxşı yaşasın. Deyirlər ki, kadrlar ingilis dilini bilsinlər. İngilis dilini deyil, öncə xalqın dilini bilmək lazımdır. Əsas odur.


MANŞET XƏBƏRLƏRİ