Türk dünyası QHT-ləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub


Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov COJEP International təşkilatının təmsilçiləri ilə təşkil olunan onlayn görüşdə iştirak edib. Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə təşkil olunan görüşün keçirilməsində məqsəd beynəlxalq təşkilatlarda şəbəkə imkanlarını nəzərdən keçirmək və bu əsasda mümkün əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

Türk Dünyası QHT-ləri arasında həmrəyliyin inkişaf etdirilməsinin əhəmiyyəti barədə danışan Azər Allahverənov TDT-yə üzv ölkələrin QHT Platformasının yarandığı gündən etibarən həyata keçirdiyi fəaliyyətlərə, xüsusilə də təşkil olunan çoxtərəfli əməkdaşlıq forumları barədə danışıb. Baş katib bildirib ki, hazırda Türk Dünyası QHT-ləri arasında əlaqələrin dərinləşməsi və sıx qurulması istiqamətində fəaliyyət göstərən Platforma vahid mövqedən irəli sürülən birgə təşəbbüslərin həyata keçirilməsində maraqlıdır. Bu istiqamətdə əldə olunacaq nəticələr Türk Dünyası QHT-lərinin beynəlxalq təşkilatlarda təmsilçiliyini aktuallaşdıracaqdır ki, bu müstəvidə növbəti institusional addımların atılmasında COJEP International təşkilatının təcrübəsinə və təşkilati dəstəyinə ehtiyac yarana bilər.

Görüşdə iştirak edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli, COJEP International təşkilatının prezidenti Ali Gedikoğlu, Beynəlxalq Dialoq və İnkişaf Alyansının təsisçisi və sədri, COJEP International təşkilatının Avrasiya ölkələri üzrə koordinatoru Nüşabə Məmmədova beynəlxalq təşkilatlarda təmsilçiliyin, bu şəbəkələr daxilində imkanların bir araya gətirilməsi ilə türk dünyasının birliyi naminə səylərin səfərbər olunmasının əhəmiyyəti barədə danışıblar.


MANŞET XƏBƏRLƏRİ