Azərbaycanda mənzil anlayışı artıq yaşayış ehtiyacından çox investisiya alətinə çevrilib. Son illər bazarda müşahidə olunan əsas tendensiya da məhz budur. Pulu olanlar gələcək qazanc üçün mənzil alıblar.
Bu proses xüsusilə Bakıda daha aydın görünür. Şəhərin demək olar ki, bütün rayonlarında yeni tikililər işıq saçır. Hər gün hündürmərtəbəli binalar istifadəyə verilir. Amma maraqlı və düşündürücü bir mənzərə də yaranıb. Yaşayışa tam hazır olan binalarda gecələr işıqlar yanmır. Halbuki bu binalar sərgi üçün tikilməyib. Reallıq odur ki, mənzillərin böyük hissəsi boşdur. Səbəb də sadədir: həmin mənzillər eyni adamlara məxsusdur.
Bununla həm də qiymətləri yuxarı həddə saxlayırlar. Nəticədə qiymətlər real gəlirlərlə uzlaşmır.
Hamı bilir ki, hazırda orta statistik vətəndaş üçün mənzil əlçatmaz olub. Bu problem artıq sosial məsələ səviyyəsinə yüksəlib.
Onu da qeyd edək ki, bu, təkcə Azərbaycana xas deyil. Dünyada da oxşar tendensiya müşahidə olunur. Xüsusilə postpandemiya dövründə daşınmaz əmlak investisiya alətinə çevrildi.
Rusiya bazarında uzun illər qiymət artımı hökm sürüb. Moskva və iri şəhərlərdə mənzillər əsasən kapitalın qorunması vasitəsi sayılıb. Lakin son dövrlərdə orada da tələbat kəskin zəifləyib.
Türkiyə əmlak bazarı da oxşar mərhələdən keçir. Bir vaxtlar xarici investorların axını qiymətləri süni şəkildə şişirtmişdi. İndi isə həm daxili, həm də xarici tələbat azalır. Qiymətlər real alıcılıq qabiliyyətindən uzaqlaşıb.
Avropada vəziyyət daha açıq şəkildə görünür. Avropa ölkələrində daşınmaz əmlak bazarı artıq soyuma mərhələsinə daxil olub. Faiz dərəcələrinin yüksəlməsi ipotekanı əlçatmaz edib.
Ekspertlər hesab edirlər ki, əmlakın ucuzlaşması artıq qaçılmaz prosesdir. Sadəcə bəzi ölkələrdə bu proses gec hiss olunur. Bazarın psixoloji müqaviməti hələ qırılmayıb. Amma statistik göstəricilər başqa mənzərə göstərir. Hər yerdə satılmayan mənzillərin sayı artır.
Yeni layihələr əvvəlki sürətlə satılmır. İnvestorlar gözləmə mövqeyinə keçirlər. Bu isə bazarın çöküşə doğru getdiyini göstərən əsas əlamətlərdəndir.
Və nəhayət, artıq dünyada daşınmaz əmlak bazarının çökməsi barədə açıq danışılır. Bu çöküş mərhələli şəkildə baş verir. Əvvəl tələbat azalır, sonra qiymətlər yerində sayır. Daha sonra isə kəskin eniş başlayır.
Azərbaycanda da bu risklər açıq şəkildə görünür. Boş qalan minlərlə mənzil bazarın real vəziyyətini əks etdirir. Əgər mənzil yaşayış üçün alınmırsa, bu artıq təhlükəli siqnaldır. Çünki daşınmaz əmlakın əsas dəyəri içində yaşayan insanlardır. İşıqları yanmayan binalar sosial böhranın göstəricisidir. /modern.az/