İranda rejim əleyhdarları ilə hakimiyyət arasındakı qarşıdurma kəşfiyyat müharibəsi müstəvisinə keçib.
Turkustan.az xəbər verir ki, iranlı müxalif fəallar sosial şəbəkələrdə dövlət teleradio şirkətlərinə məxsus retranslyasiya stansiyalarının, yayım qüllələrinin və strateji rabitə qovşaqlarının dəqiq koordinatlarını paylaşmağa başlayıblar.
Bu addım rəsmi Tehranın ölkədə interneti tamamilə kəsməsinə və informasiya blokadası tətbiq etməsinə cavab olaraq atılıb.
Fəallar ABŞ və İsrail hərbi hava qüvvələrini rejimin "təbliğat maşını" sayılan bu obyektlərə zərbə endirməyə çağırırlar. Onların fikrincə, əgər xalq dünyadan təcrid olunursa, rejimin özü də informasiya vakuumuna salınmalıdır. Artıq bir neçə strateji yayım nöqtəsinin yerləşdiyi binaların koordinatları kəşfiyyat kanalları və peyk rabitəsi vasitəsilə yayılıb.
SEPAH-ın kəşfiyyat bölmələri isə bu məlumatları sızdıran şəxsləri "düşmənə casusluq" ittihamı ilə ölüm hökmünün gözlədiyini bəyan edərək kütləvi həbslərə başlayıb./Musavat.com