Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk dünyada müsəlmanlara qarşı nifrət və ayrı-seçkilik hallarının artdığını bildirib.
Turkustan.az xəbər verir ki, Türk bu fikirləri 15 Mart – Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə yayımladığı video müraciətdə səsləndirib.
O, müqəddəs Ramazan ayını qeyd edən hər kəsi əvvəlcədən bayram münasibətilə təbrik edib və dünyada artan islamofobiya dalğasından ciddi narahat olduqlarını vurğulayıb.
Türkün sözlərinə görə, son araşdırmalar müsəlmanlara qarşı təqib, ayrı-seçkilik və zorakılıq hallarının artdığını göstərir. “Harada olursa olsun, müsəlmanlara qarşı nifrəti qınamalıyıq”, – deyə o bildirib.
Ali komissar qeyd edib ki, Yaxın Şərqdə davam edən münaqişələr internetdə də müsəlman əleyhinə məzmunun kəskin artmasına səbəb olub. Onun sözlərinə görə, müsəlmanlara küçələrdə və məktəblərdə hücumlar edilir, məscidlər vandalizmə məruz qalır, sosial mediada isə xüsusilə hicablı qadın və qızları hədəf alan nifrət dolu paylaşımlar yayılır.
Türk əlavə edib ki, bəzi ölkələrdə müsəlmanlar məşğulluq, mənzil, səhiyyə və digər xidmətlərə çıxışda da ayrı-seçkiliklə üzləşirlər və bu qərəz bəzən qanunvericilikdə də öz əksini tapır.
Aytən Yaşar/ Turkustan.az