İranın yeni ali rəhbəri Müctəba Xamenei müalicə üçün Rusiyaya aparılıb.
Turkustan.az xəbər verir ki, bu barədə Küveytin Al-Jarida qəzeti məlumat yayıb. Qəzetin yüksək rütbəli mənbəyə istinadən yazdığına görə, Xamenei gizli əməliyyat çərçivəsində Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.
Məlumata görə, o, ABŞ və İsrailin fevralın 28-də İrana endirdiyi ilk zərbələr zamanı yaralanıb. Mənbə bildirir ki, İran ərazisində davam edən bombardman və təhlükəsizlik problemləri səbəbindən onun ölkə daxilində müalicəsi mümkün hesab edilməyib.
Bildirilir ki, Xamenei Rusiyaya çatdıqdan dərhal sonra əməliyyat olunub və əməliyyat uğurlu keçib. Hazırda o, Moskva yaxınlığında yerləşən prezident iqamətgahlarından birindəki xüsusi xəstəxanada müalicə alır.
Qəzet yazır ki, Xameneinin Rusiyada müalicə olunması ideyası Rusiya prezidenti Vladimir Putin tərəfindən İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı irəli sürülüb və İran rəhbərliyi bu təklifi qəbul edib.
Eyni zamanda mənbələr iddia edir ki, Xameneinin adından yayılan ilk müraciətin əslində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən yazıldığı barədə şübhələr var. Onun hələ həmin bəyanatın məzmunu ilə tanış olmadığı da ehtimal edilir.
Qəzetin məlumatına görə, Xameneinin ictimaiyyət qarşısına çıxmaması və müraciətinin yalnız yazılı şəkildə yayımlanması da bu şübhələri gücləndirib./yenisabah.az