İran israilliləri niyə qorumağa çalışır? – Hücum planının detalları


“Bloomberg” İranın İsrailin Hayfa şəhəri yaxınlığındakı infrastrukturlara hücuma hazırlaşdığına dair məlumat yayıb.

Nəşr iddia edir ki, rəsmi Tehran İsrail vətəndaşları arasında itkilərin olmaması üçün sözügedən ərazini hədəf seçib. Agentlik daha böyük zərbənin İsrailin nüvə reaktoru və hərbi obyektlərinə endiriləcəyini yazıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İran və onun regiondakı proksi qüvvələrinin qisas məqsədi ilə İsrailə cavab zərbəsi endirməsi hələ də müzakirə mövzusudur:

“HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən müəyyən müddət keçib. Amma hələ də İsrailə cavab zərbəsinin endirilməsi müzakirə olunur. Bu da təbiidir. Çünki İran ən yüksək səviyyəli qonağının öldürülməsi ilə çox çətin duruma düşüb. Cavab verməmək İsrail qarşısında acizliyini qəbul edərək vəziyyətlə barışmaq mənasına gələrdi. Buna görə də ABŞ başda olmaqla Tehrana qarşı yaradılan koalisiya qüvvələri, körfəzdə güclərini və gözlənilən hücum qarşısında Təl-Əvivin müdafiəsi və hərbi potensialını artırırlar.

Belə şəraitdə davamlı müxtəlif şayiə və məqsədyönlü feyk məlumatların dövriyyəyə buraxılması təbiidir. Hər gün belə xəbələrin ortaya çıxması ilə üzləşirik”.


Əlimusa İbrahimov

Politoloqun sözlərinə görə, İranın hücum zamanı dinc sakinlərin qorunması və onların ciddi tələfat görməməsinə çalışacağı aydındır:

“İndi müharibə aparanların əsas məqsədi qarşı tərəfin hərbi obyektlərinə zərbə endirmək, dinc əhalinin tələfatının qarşısını almaq üçün tədbirlər görməkdir. Hücum və ya döyüş əməliyyatı bitdikdən sonra beynəlxalq təşkilatlar dinc sakinlər arasında tələfata görə müharibə aparan tərəflərdən hesabat tələb edəcəklər.

İranın cavab zərbəsinə gəlincə, bu, həqiqətən gözləniləndir. İndi siyasətçilər hücumun baş tutma ehtimalından daha çox onun nə zaman həyata keçiriləcəyi mövzusunda mübahisə edirlər”.

Ə.İbrahimov bildirib ki, İran tərəfi hücum zamanı dinc əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıq keçirməyə bilər:

“Çünki İsrail öz vətəndaşlarını qorumaq üçün lazım olan bütün tədbirləri görüb və görməkdədir. İrandan ballistik və qanadlı raketlərin İsrailə yola çıxması və ora çatması saatlarla vaxt çəkəcək. Bu müddət ərzində əhalinin sığınacaqlarda mühafizəsini təşkil etmək imkanı olacaq”.


MANŞET XƏBƏRLƏRİ