Zelenskiyə meydan oxudu - ŞOK DETALLAR


Ukraynada müharibənin davam etdiyi bir vaxtda prezident Volodimir Zelenskinin üzləşdiyi siyasi təzyiqlər yeni və daha təhlükəli mərhələyə daxil olmaqdadır. Artıq söhbət yalnız cəbhədəki vəziyyətdən və Rusiyanın hücumlarından getmir. Zelenskiyə qarşı narazılıq ölkənin siyasi sisteminin daxilində, onun öz hakimiyyət komandasında və yaxın çevrəsində formalaşmağa başlayıb. Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumları sayılan NABU və SAPO prezident aparatının yüksək vəzifəli şəxslərinin də adının keçdiyi iddia edilən cinayətkar təşkilata qarşı əməliyyat keçirildiyini açıqlayıb. İstintaqın bütün detalları hələlik açıqlanmasa da, araşdırmanın məhz yüksək səviyyəli siyasi fiqurlara qədər uzanması Zelenski hakimiyyəti üçün ciddi reputasiya və siyasi problem yaradır.

Bunun ardınca keçmiş müdafiə naziri Mixaylo Fedorovun çıxışı isə vəziyyəti daha da mürəkkəbləşdirib. Zelenskinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılan Fedorov Ukraynada “sistemli idarəçilik böhranı”ndan danışıb, korrupsiyanın ölkənin müharibə imkanlarına zərər vurduğunu bildirib və müharibə davam etsə belə, seçkilərin keçirilməsi üçün mexanizm tapılmasına çağırıb. “Reuters” onun bu çıxışını 2022-ci ildə müharibənin başlanmasından bəri Zelenskiyə qarşı ən ciddi daxili siyasi çağırış kimi qiymətləndirir.

Burada diqqətçəkən məqam Fedorovun sadəcə keçmiş məmur kimi danışmamasıdır. O, faktiki olaraq Zelenski hakimiyyətinin idarəçilik modelini hədəfə alır. Üstəlik, onun çıxışı vəzifədən çıxarılmasından sonra Fedorova dəstək aksiyalarının keçirildiyi bir dövrə təsadüf edir.

MİXAYLO.png (531 KB)

Ukraynanın daxili siyasi arenasında artıq “müharibə bitəndən sonra nə olacaq?” sualından daha ciddi bir sual meydana çıxır: müharibə davam etdiyi halda Volodimir Zelenskinin hakimiyyətinə alternativ siyasi xətt formalaşırmı?

Fedorovun seçkilərlə bağlı çağırışı da təsadüfi siyasi bəyanat təsiri bağışlamır.

Ukraynalı politoloq Vladimir Fesenko bu çıxışın Fedorovun faktiki olaraq Zelenskiyə qarşı müxalif mövqeyə keçməsi anlamına gələ biləcəyini bildirib. Ukrayna mediasında isə onun bəyanatının gələcəkdə siyasi fəaliyyətə başlamaq niyyətinin göstəricisi ola biləcəyi barədə şərhlər səslənir.

Beləliklə, Zelenski üçün təhlükə artıq yalnız Moskva cəbhəsindən gəlmir. Əgər korrupsiya araşdırmaları prezident aparatına qədər uzanarsa, Fedorov kimi keçmiş yüksək vəzifəli şəxslər hakimiyyətə qarşı siyasi alternativ formalaşdırmağa başlayarsa və cəmiyyətdə seçki tələbi güclənərsə, Ukraynada müharibə fonunda ciddi daxili siyasi parçalanma yarana bilər.

Zelenski hakimiyyətinin daxilində çatlar artıq böhrana çevrilir? Fedorovun çıxışı gələcək prezident seçkilərinə hazırlığın ilk siqnalıdır? Korrupsiya araşdırmaları prezident komandasına qədər gedib çıxarsa, Zelenski siyasi məsuliyyətdən yayına biləcəkmi? Zelenskiyə qarşı daxildən yeni siyasi cəbhə formalaşır?

SEXAVET.jpg (111 KB)

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a deyib ki, müharibənin ilk dövrlərində mövcud olan monolit idarəetmə komandası artıq çat verir:

“NABU və SAPO-nun Prezident Aparatının yüksək vəzifəli şəxslərinin də adının keçdiyi iddia edilən cinayətkar şəbəkəyə qarşı əməliyyat keçirməsi hakimiyyətin legitimliyinə böyük zərbə vurur. Əgər əvvəllər korrupsiya qalmaqalları icraçı strukturların aşağı eşelonlarında baş verirdisə, araşdırmaların bilavasitə prezidentin iş otağına qədər uzanması böhranı adilikdən çıxarıb dövlət səviyyəli reputasiya fəlakətinə çevirir. Bu mənzərədə Zelenski üçün siyasi məsuliyyətdən yayınmaq əvvəlki kimi asan olmayacaq. Bir tərəfdən, Qərb tərəfdaşlarının (ABŞ və Aİ) hərbi və maliyyə yardımları birbaşa şəffaflıq şərtinə bağlıdır. Diqqətçəkən digər məqam isə ictimaiyyətin dözümsüzlüyüdür: cəbhədə ağır döyüşlərin və səfərbərlik çətinliklərinin yaşandığı bir vaxtda arxa cəbhədəki korrupsiya iddiaları daxili narazılığı pik həddə çatdırır. Prezidentin yaxın çevrəsindən kimsəni “qurban verməklə” diqqəti yayındırmaq cəhdləri isə dərinləşən sistem böhranını dayandırmağa bəs etmir. Keçmiş müdafiə naziri Mixaylo Fedorovun kəskin bəyanatla çıxış etməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Zelenskinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılan Fedorovun Ukraynada “sistemli idarəçilik böhranı”ndan danışması və müharibə şəraitində belə seçkilərin keçirilməsi üçün hüquqi-təhlükəsizlik mexanizmlərinin tapılmasına çağırış etməsi təsadüfi bəyanat effekti bağışlamır”.

Hərbi ekspertin fikrincə, Fedorovun çıxışı faktiki olaraq gələcək prezident seçkilərinə hazırlığın ilk siqnalıdır:

“O, sadəcə idarəçiliyi tənqid etmədi. Zelenskinin “müharibə bitmədən seçki ola bilməz” düsturuna açıq bir alternativ platforma sürdü. Fedorovun çıxışından sonra ona dəstək aksiyalarının keçirilməsi arxasında artıq müəyyən bir ictimai və siyasi dəstək bazasının formalaşdığını göstərir. Artıq Ukrayna siyasi səhnəsində “müharibə bitəndən sonra nə olacaq?” sualından daha kəskin bir sual var: müharibə davam etdiyi halda Zelenskinin hakimiyyətinə alternativ siyasi xətt formalaşırmı? Cavab aydındır: bəli, daxili siyasi cəbhə artıq formalaşır. İndiyə qədər ənənəvi müxalifət daxili birliyi pozmamaq üçün ehtiyatlı davranırdısa, indi Zelenskinin öz komandasının daxilindən çıxan, texnokratiya və müdafiə sahəsində reputasiyası olan fiqurlar alternativ xətt kimi boy göstərir. Hazırda Kiyev ikiqat risklə üz-üzədir: bir tərəfdən cəbhədə işğalçıya qarşı ağır müharibə aparmaq, digər tərəfdən isə arxa cəbhədə alovlanan daxili siyasi mübarizəni idarə etmək. Daxildəki bu çatların tam miqyaslı siyasi böhrana çevrilməsi müharibənin gedişatına da birbaşa təsir etmək gücündədir. Ümumiyyətlə, iddialar var ki, Zelenski özünü və postunu qorumaq üçün müharibənin davam etməsində maraqlıdır. Təkcə Zelenskinin komandası ilə bağlı yox, onun özü və həyat yoldaşının da korrupsiyaya bulaşdığı barədə iddialar mövcuddur. Fedorov vəzifəsindən getməsi ilə bağlı verdiyi müsahibəsində açıq şəkildə qeyd etdi ki, o, müdafiə sənayesi şirkətlərinin Zelenskiyə şikayət edəcəyini və bu yöndə prezidenti xəbərdar edib. Ancaq Zelenski Fedorovu müdafiə sənayesi şirkətlərinə qurban verdi. Ukrayna müdafiə sənayesi şirkəti əsirinə çevrilib. Faktiki olaraq Ukrayna poliqondur. Əvvəl ABŞ, Qərb, NATO-nun Rusiyaya qarşı poliqonu idisə, indi bura müdafiə sənayesi şirkətlərini əlavə etməliyik. Artıq bir çoxları, Zelenskini qeyri-qanuni prezident sayır. Təkcə Rusiya yox, Qərbdə də bu fikirlər səslənir. Hazırda Zelenski bu mürəkkəb dövrdə prezidentdən daha çox poliqon rəisini xatırladır”.


MANŞET XƏBƏRLƏRİ