Üç ölkə gücünü birləşdirdi: Məkkə sazişi regionda yeni güc balansı yaradır? - ŞƏRH


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına bir günlük işgüzar səfər edib.

Məkkədə keçirilən görüşlər çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Birgə Müdafiə Sazişi imzalanıb. Razılaşmanın ən diqqətçəkən müddəasına əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum digər iki ölkəyə qarşı da hücum kimi qiymətləndiriləcək.

Bu müddəa mahiyyət etibarilə üç ölkə arasında kollektiv müdafiə mexanizmi yaradır və potensial rəqiblərə qarşı çəkindirmə mesajı verir. Sazişin konkret olaraq hər hansı ölkəni hədəf göstərməməsi isə onun rəsmi şəkildə hücum xarakterli blok deyil, müdafiə və təhlükəsizlik əməkdaşlığı kimi təqdim edildiyini göstərir. Bununla belə, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının hərbi imkanları, strateji mövqeləri və regionlardakı təsiri nəzərə alındıqda, bu addım Yaxın Şərq və Cənubi Asiyada təhlükəsizlik arxitekturasına təsir göstərə biləcək mühüm siyasi siqnal kimi qiymətləndirilir.

Bəs, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan niyə məhz indi belə bir müdafiə mexanizmi yaratmağa qərar verdi? Bu razılaşma İran, İsrail və ABŞ başda olmaqla regionun əsas güclərinə hansı mesajı verir və yeni üçtərəfli format gələcəkdə Yaxın Şərqdə güc balansına necə təsir göstərə bilər?

Turkustan.az bu sualları politoloq Züriyə Qarayeva ünvanladı.

İslamabad, yoxsa Cenevrə? – ABŞ-İran danışıqlarında ZAMAN dalana dirənir

Züriyə Qarayeva

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan birgə müdafiə sazişi regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından mühüm hadisədir. Razılaşmanın ən diqqətçəkən tərəfi üç dövlətdən birinə silahlı hücumun digərlərinə də hücum kimi qiymətləndirilməsi prinsipidir ki, bu da əməkdaşlığı adi hərbi tərəfdaşlıqdan kollektiv müdafiə mexanizminə doğru aparır. Burada tərəflərin imkanları da bir-birini tamamlayır: Türkiyə NATO təcrübəsinə və inkişaf edən müdafiə sənayesinə, Pakistan nüvə potensialına və böyük hərbi qüvvəyə, Səudiyyə Ərəbistanı isə ciddi maliyyə və enerji resurslarına malikdir. Bu üç komponentin birləşməsi Yaxın Şərqdən Cənubi Asiyaya qədər uzanan geosiyasi məkanda yeni güc mərkəzinin meydana çıxmasına şərait yarada bilər. Xüsusilə indiki regional gərginlik fonunda saziş həm çəkindirmə vasitəsi, həm də üç ölkənin təhlükəsizlik məsələlərində daha müstəqil hərəkət etmək niyyətinin göstəricisidir.

Strateji baxımdan isə məqsəd yalnız mümkün hərbi təhdidlərə qarşı qarşılıqlı müdafiə deyil. Birgə təlimlər, kəşfiyyat mübadiləsi və müdafiə texnologiyaları sahəsində əməkdaşlıq Türkiyənin müdafiə sənayesi imkanlarının Səudiyyə kapitalı və Pakistanın hərbi təcrübəsi ilə birləşdirilməsinə imkan verə bilər. Eyni zamanda, bu format İran və onun regiondakı müttəfiqlərinin fəaliyyəti fonunda əlavə çəkindirmə mexanizmi yaradır, lakin onu sırf İrana qarşı ittifaq kimi təqdim etmək düzgün olmazdı; tərəflər sazişin konkret dövlətə qarşı yönəlmədiyini bildirirlər. Daha geniş perspektivdə Ankara, Ər-Riyad və İslamabad ABŞ-dən tam uzaqlaşmadan, öz təhlükəsizliklərini yalnız Qərbin təminatlarından asılı saxlamayan alternativ əməkdaşlıq modeli qurmağa çalışırlar. Bu səbəbdən razılaşma uzunmüddətli perspektivdə Yaxın Şərq və Cənubi Asiyada qüvvələr balansına təsir edə biləcək yeni geosiyasi platformanın başlanğıcı kimi qiymətləndirilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ