İraqın Baş naziri Əli Zeydi Səudiyyə Ərəbistanının Baş Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Xalid əl-Humeydanı qəbul edib.
Turkustan.az xəbər verir ki, görüşdə iki ölkə arasında təhlükəsizlik sahəsində koordinasiya, əməkdaşlığın gücləndirilməsi və regional proseslər müzakirə olunub.
İraq Baş nazirinin mətbuat ofisinin ABŞ-da yerləşən X sosial şəbəkəsindəki hesabında yayılan məlumata görə, Zeydi Bağdadda Səudiyyə Ərəbistanının Baş Kəşfiyyat İdarəsinin rəhbəri Xalid əl-Humeydan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Humeydan Səudiyyə Ərəbistanı hökumətinin Baş nazir Zeydiyə Ər-Riyada səfər etmək üçün rəsmi dəvətini çatdırıb. Tərəflər, həmçinin regional təhlükəsizlik sahəsindəki son prosesləri və bu istiqamətdə koordinasiya və əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.
Zeydi İraq hökumətinin Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın iki ölkənin və xalqlarının ortaq maraqlarına xidmət edəcək, eyni zamanda regional təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə töhfə verəcək şəkildə inkişaf etdirilməsinə sadiq olduğunu bildirib.
İraqın xoş qonşuluq prinsiplərinə əsaslanan siyasət yürütdüyünü vurğulayan Baş nazir ölkəsinin suverenliyinin və milli maraqlarının qorunmasının prioritet olduğunu qeyd edib.
Zeydi bildirib ki, İraq ərazisinin hər hansı ölkəyə zərər vura biləcək fəaliyyət və ya hərəkətlər üçün istifadə edilməsinə icazə verməməkdə qərarlıdır.
Aytən Yaşar/ Turkustan.az