Çin Xalq Bankı (ÇXB) iyul ayında qızıl ehtiyatlarına təxminən 20 ton əlavə edib.
Turkustan.az xəbər verir ki, bununla da bank ardıcıl beşinci ay qızıl alışını həyata keçirib.
Qlobal bazarlarda davam edən dəyişkənlik fonunda qızıl ehtiyatlarını artırmaq strategiyasını davam etdirən ÇXB iyul ayında 640 min unsiya, yəni təxminən 20 metrik ton qızıl alıb. Bu, 2023-cü ilin oktyabrından bəri bankın bir ay ərzində etdiyi ən böyük qızıl alışıdır.
Rəsmi məlumatlara görə, ÇXB-nin qızıl ehtiyatları iyunun sonunda 75,44 milyon unsiya olduğu halda, iyulun sonunda 76,08 milyon unsiyaya yüksəlib.
İyul ayında qeydə alınan 640 min unsiyalıq artım 2023-cü ilin oktyabrında qeydə alınan 740 min unsiyalıq rekord artımdan sonra son 22 ayın ən yüksək aylıq göstəricisi olub.
Aytən Yaşar/ Turkustan.az