Türkiyədən Məkkə sazişi ilə bağlı açıqlama: “Tamamilə yalandır”


Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) sosial media platformalarında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı yayılan iddiaları təkzib edib.

Turkustan.az xəbər verir ki, DMM-in NSosial hesabında yayılan açıqlamada sazişin NATO-nun 5-ci maddəsinə zidd olduğu və paralel ittifaq strukturu yaratdığı barədə iddiaların tamamilə əsassız olduğu bildirilib.

Mərkəz qeyd edib ki, Məkkə Birgə Müdafiə Sazişi Türkiyənin NATO da daxil olmaqla mövcud beynəlxalq ittifaq öhdəlikləri ilə ziddiyyət təşkil etmir. Əksinə, sənədin regional təhlükəsizliyi dəstəkləyən tamamlayıcı əməkdaşlıq mexanizmi olduğu vurğulanıb.

Açıqlamada Türkiyənin regional tərəfdaşlıqlarının inkişaf etdirilməsinin NATO üzvlüyünə alternativ olmadığı bildirilib.

“Məkkə Birgə Müdafiə Sazişi təcavüzkar hərbi blok deyil, çəkindirmə imkanlarını artırmağa yönəlmiş müdafiə xarakterli mexanizmdir. Saziş üçüncü ölkəni və ya hər hansı bloku hədəf almır. Sənəd müdafiə sənayesi sahəsində əməkdaşlığın, hərbi təlimlərin, texnologiya mübadiləsinin və regional sabitliyin gücləndirilməsini nəzərdə tutur”, – deyə açıqlamada qeyd olunub.

DMM ictimaiyyəti əsassız iddialara və manipulyativ paylaşımlara inanmamağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ