Bir fincan çayın işığında görünən ömür


nsanın ömür yolunda elə görüşlər olur ki, onlar zaman keçdikcə adi xatirədən daha böyük mənəvi dəyərə çevrilir. Çünki həmin görüşlərdə yalnız insanlar deyil, bütöv bir dövr, bir həyat fəlsəfəsi, bir dövlətçilik məktəbi danışır. Belə anlar insanı düşündürür, yaddaşını təzələyir və ona bir daha xatırladır ki, Vətəni ucaldan təkcə böyük layihələr deyil, həm də həmin layihələrin arxasında dayanan böyük ürək sahibləridir. Bəzən də bir fincan çay uzun illərin söhbətini özündə yaşadır.

Açıklama yok.

Uzun illər idi ki, əziz dostum, dəyərli ağsaqqal Hacı İldırım Allahyarovla görüşə bilmirdik. Cənub bölgəsinə səfərim ərəfəsində yolumu Masallıdan salıb onu iş yerində ziyarət etdim. Görüşümüz ilk dəqiqələrdən səmimiyyət və doğmalıq ovqatı yaratdı. Çayını içdik, çörəyini kəsdik, ömrün müxtəlif dövrlərinə işıq salan xatirələri birlikdə vərəqlədik. İllər ötüb keçsə də, həqiqi dostluğun, qarşılıqlı hörmətin və etimadın zamanın sınağından necə üzüağ çıxdığını bir daha hiss etdim. Belə görüşlərin ən gözəl cəhəti ondadır ki, burada rəsmiyyət olmur. Burada ürək danışır, xatirələr danışır, ömür danışır. Söhbətin hər cümləsində yaşanmış illərin müdrikliyi, görülmüş işlərin məsuliyyəti və dövlətə xidmət yolunda qazanılmış təcrübə özünü göstərirdi.

Hacı İldırım Allahyarov ömrünü dövlətə xidmətə həsr etmiş insanlardandır. Uzun illər Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini kimi məsul vəzifədə çalışaraq rayonun sosial-iqtisadi inkişafında yaxından iştirak edib, insanların problemlərinin həllinə öz töhfəsini verib. Onun fəaliyyətinin əsas xüsusiyyəti vəzifəyə yalnız idarəçilik prizmasından deyil, vətəndaşa xidmət məsuliyyəti kimi yanaşması olub. Sonralar sahibkarlıq fəaliyyətinə başlayan Hacı İldırım müəllim Masallı rayonunun ilk azad sahibkarlarından biri kimi tanınıb. O, Qəriblər kənd bələdiyyəsinə rəhbərlik edib, bir dövr rayonun məşhur "Viləş" futbol klubunun prezidenti olub. Bütün bunlar onun yalnız təsərrüfatçı deyil, həm də ictimai həyatda fəal mövqe tutan, insanların birliyinə və rayonun inkişafına xidmət edən şəxsiyyət olduğunu göstərir. Bu gün isə Hacı İldırım Allahyarov Azərbaycanın ən tanınmış müalicə və istirahət mərkəzlərindən biri olan Masallı İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasının rəhbəridir. Lakin onu fərqləndirən yalnız uğurlu idarəçilik deyil. Şəhid ailələrinə, qazilərimizə, aztəminatlı insanlara göstərdiyi qayğı, müəssisəsində onlara yaratdığı iş imkanları, xeyirxahlığı və mərhəməti onun ən böyük mənəvi sərvətidir. Belə insanlar cəmiyyətin dayağı, dövlətimizin mənəvi gücü, milli həmrəyliyimizin canlı nümunəsidir. Söhbətimiz zamanı bir daha əmin oldum ki, əsl ağsaqqallıq yaşla ölçülmür. Ağsaqqallıq həyatın çətin yollarından alnıaçıq keçmək, insanlara xeyir vermək, dövlətə sədaqətlə xidmət etmək, milli-mənəvi dəyərləri qoruyub gələcək nəsillərə ötürmək bacarığıdır. Hacı İldırım müəllimin hər fikrində, hər münasibətində bu müdriklik açıq hiss olunur.

Açıklama yok.

Söhbətimizin istiqaməti təbii olaraq Masallının fəxr mənbələrindən biri olan İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasına yönəldi. Hacı İldırım müəllim böyük sevgi ilə bu şəfa ocağının keçdiyi tarixi yolu, onun yenidən dirçəldilməsi naminə görülən işləri və gələcək inkişaf planlarını danışırdı. Mən onu dinlədikcə anlayırdım ki, bu müəssisə təkcə iqtisadi layihə deyil. Bu, həm də insanların sağlamlığına, bölgənin inkişafına və Azərbaycanın turizm potensialının gücləndirilməsinə xidmət edən mühüm sosial missiyadır. Doğrudan da, Azərbaycanın dağ sanatoriyaları içərisində Masallı İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası özünəməxsus yeri olan müalicə ocaqlarındandır. Buraya gələn insan ilk növbədə təbiətin ecazkar gözəlliyi ilə qarşılaşır. Dəmbəlov dağının əzəməti, Viləş çayının həzin axarı, saf dağ havası və əsrarəngiz meşələr insanın ruhunu dincəldir. Elə buna görə də bu məkan təkcə şəfa axtaranların deyil, təbiətin qoynunda dincəlmək istəyənlərin də sevimli ünvanına çevrilib. İstisunun əsas möcüzəsi onun əsrlərdir insanlara şəfa bəxş edən mineral suyudur. Bu suyun tarixini, elmi əhəmiyyətini və keçdiyi inkişaf yolunu öyrəndikcə bir daha anlayırsan ki, Masallı təkcə təbiətin deyil, həm də Allahın insanlara bəxş etdiyi nadir nemətlərin məskənidir. İstisunu fərqləndirən təkcə onun füsunkar mənzərəsi deyil. Bu torpağın ən böyük sərvəti əsrlərin sınağından çıxmış şəfalı mineral suyudur. Yerin dərin qatlarından altmış dərəcədən də yüksək temperaturda üzə çıxan bu suyun tərkibində hidrogen-sulfid, natrium-xlor, kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqrama qədər yod mövcuddur. El arasında bu suyun şəfası haqqında yüzlərlə rəvayət dolaşır. Nəsillər boyu insanlar bu sudan təbii müalicə vasitəsi kimi istifadə edib, onun faydasını öz həyatlarında hiss ediblər. Xalqın inamı sonradan elm tərəfindən də təsdiq olundu. XX əsrin 60-cı illərində Masallının yetirdiyi görkəmli həkim-alim, şair və bəstəkar Mirkazım Aslanlı-Sarəng uzun illər apardığı araşdırmalar nəticəsində İstisu suyunun müalicəvi xüsusiyyətlərini elmi əsaslarla sübuta yetirdi. Bu uğurların məntiqi nəticəsi olaraq 1971-ci ildə, ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə Masallı İstisusuna xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort statusu verildi. Bu qərar həmin dövr üçün böyük hadisə idi. İstisu Azərbaycanın hüdudlarını aşaraq ittifaq miqyasında tanınan müalicə və istirahət mərkəzlərindən birinə çevrildi.

Açıklama yok.

Tarix həmişə enişli-yoxuşlu olur. Müstəqilliyimizin ilk illərində ölkədə yaşanan ağır iqtisadi və sosial çətinliklər bu şəfa ocağından da yan keçmədi. Uzun müddət baxımsız qalan sanatoriya tədricən əvvəlki görkəmini itirdi. Vaxtilə minlərlə insanın üz tutduğu bu məkanın taleyi narahatlıq doğururdu. Məhz belə bir dövrdə İstisunun taleyi Hacı İldırım Allahyarovun taleyi ilə qovuşdu. 1997-ci ildə "Kurort və sanatoriyaların özəlləşdirilməsi haqqında" fərmana uyğun olaraq o, sanatoriyaya qanuni sahib oldu. Lakin bu, sadəcə bir müəssisəni almaq deyildi. Bu, baxımsız qalmış böyük bir sərvəti yenidən həyata qaytarmaq məsuliyyətini öz üzərinə götürmək demək idi. Hacı İldırım Allahyarov həmin gündən bu günə qədər yorulmadan çalışır. O, bu məkana sahib kimi deyil, əsl qayğıkeş ev sahibi kimi yanaşdı. İllər ərzində burada geniş abadlıq və quruculuq işləri aparıldı, yeni yataq korpusları tikildi, müasir mətbəx və yeməkxana istifadəyə verildi, vanna və masaj şöbələri yenidən quruldu, istirahət guşələri yaradıldı. Sanatoriyanın hər guşəsində zəhmətin, zövqün və səliqənin izləri görünür.

2004-cü il fevralın 11-də Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində İstisu sanatoriyasının əsaslı yenidən qurulması üçün də geniş imkanlar yarandı. Dövlətin göstərdiyi diqqət və sahibkarın fədakar əməyi bir-birini tamamladı. Bunun nəticəsində sanatoriya tamamilə yeni sima qazandı. Sanatoriyada yaradılmış şərait də xüsusi diqqət çəkir. Müalicə prosedurları ilə yanaşı, qonaqları cənub mətbəxinin ləziz təamları, səliqə ilə salınmış yaşıllıq zolaqları, rəngarəng güllər, Viləş çayı boyunca yaradılmış istirahət guşələri, isti hovuzlar, kiçik şəlalələr və müxtəlif əyləncə məkanları qarşılayır. Müalicədən sonra samovar çayının ətrafında dincəlmək isə bu məkanın özünəməxsus ənənəsinə çevrilib.

Açıklama yok.

Bu gün buraya yalnız Azərbaycanın müxtəlif bölgələrindən deyil, xarici ölkələrdən də insanlar üz tuturlar. Revmatizm, oynaq xəstəlikləri, artroz, müxtəlif dəri xəstəlikləri, böyrək və sidik yolları xəstəlikləri, radikulit, prostatit, hipertoniya, qaraciyər və öd yolları xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq problemləri və travmatik ağrıların müalicəsində İstisunun şəfalı suyunun müsbət nəticələri insanların bu ünvana marağını ildən-ilə artırır. İstisu bu gün artıq təkcə Masallının deyil, bütün Azərbaycanın fəxr etdiyi sağlamlıq məkanlarından biridir. Burada təbiətin bəxş etdiyi nemət insan zəhməti ilə birləşərək əsl möcüzə yaradır. Bu möcüzənin arxasında isə illərin əməyi, dövlət qayğısı və bu ocağı ürəklə yaşadan insanların fədakarlığı dayanır.

İstisu ilə tanışlığımız başa çatdıqdan sonra söhbətimiz yenidən Hacı İldırım müəllimin həyat fəlsəfəsinə qayıtdı. Diqqətimi çəkən cəhətlərdən biri də onun sosial şəbəkələrdəki paylaşımlarına münasibətim oldu. Bu paylaşımların hər birində eyni ruh, eyni amal, eyni məsuliyyət hiss olunur – dövlətə sevgi, Vətənə bağlılıq, Zəfər tariximizlə qürur və Azərbaycanın sabahına sonsuz inam. O, emosiyalarla danışmır. O, ağsaqqal müdrikliyi ilə danışır. Fikirlərində hay-küy yoxdur, pafos xatirinə deyilən ifadələr yoxdur. Əksinə, hər cümlənin arxasında yaşanmış ömrün təcrübəsi, dövlət qulluğunda qazanılmış məsuliyyət, insanlara xidmətin verdiyi mənəvi zənginlik dayanır. Belə insanlar sözün qiymətini də bilir, sükutun hikmətini də. Mən düşünürəm ki, məhz bu xüsusiyyət Hacı İldırım Allahyarovu fərqləndirən əsas cəhətdir. O, dövlətçiliyi yalnız bir anlayış kimi qəbul etmir. Onun üçün dövlətçilik insanın gündəlik həyat tərzi, əməli davranışı, cəmiyyət qarşısında vicdan borcudur. Bu gün Azərbaycanda sahibkarlıq anlayışı da məhz belə insanlar sayəsində yeni məzmun qazanır. Artıq sahibkarlıq yalnız iqtisadi göstəricilər, gəlir və investisiya demək deyil. Əsl sahibkar qazandığını yenidən cəmiyyətə qaytaran, insanların sağlamlığına, rifahına, sosial müdafiəsinə xidmət edən, dövlətin inkişaf strategiyasını öz əməli fəaliyyəti ilə dəstəkləyən insandır. Dövlətin müəyyən etdiyi inkişaf xəttinə sədaqətlə xidmət etmək, xalqın rifahını şəxsi maraqlardan üstün tutmaq, milli dəyərlərə bağlı qalmaq hər kəsə nəsib olmur. Bunun üçün böyük ürək, təmiz vicdan və vətən sevgisi lazımdır. Dövlət sevgisi tribunadan deyilən gurultulu sözlərlə yox, insanlara göstərilən qayğı ilə, yaradılan iş yerləri ilə, qorunan milli-mənəvi dəyərlərlə, görülən xeyirxah əməllərlə ölçülür. Belə insanlar bir daha sübut edirlər ki, güclü dövlət təkcə qəbul olunan qanunlarla, həyata keçirilən islahatlarla formalaşmır. Güclü dövlət həm də həmin siyasəti öz vicdanında yaşadan, onu gündəlik əməli fəaliyyəti ilə həyata keçirən insanların çiyinləri üzərində yüksəlir. Dövlətçilik, sahibkarlıq və xeyirxahlıq bir amal ətrafında birləşəndə milli həmrəylik daha da möhkəmlənir, cəmiyyətin mənəvi dayaqları güclənir. Biz də söhbətimizi Azərbaycanın bugünkü inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, xalqımızın birliyi və gələcək perspektivləri ətrafında davam etdirdik. Hər mövzuda nikbinlik vardı. Hər fikirdə Vətən sevgisi vardı. Hər cümlədə dövlətə inam hiss olunurdu. Bir daha əmin oldum ki, Azərbaycanın bugünkü uğurlarının arxasında yalnız iqtisadi göstəricilər, tikilən yollar, salınan körpülər və həyata keçirilən layihələr dayanmır. Bu uğurların arxasında dövlətini ürəkdən sevən, öz əməyini Vətənə xidmət hesab edən, xalqının rifahını şəxsi maraqlarından üstün tutan insanlar dayanır. Məhz belə insanlar dövlətimizin ən etibarlı mənəvi dayaqlarıdır. Təbii ki, dövləti qanunlar yaşadır, amma onu ucaldan insanlar olur. İnsanlara şəfa verən bir ocaq qurmaq, bir rayona nəfəs gətirmək, şəhid ailəsinə dayaq olmaq, qazinin əlindən tutmaq, Vətənə sədaqəti həyat amalına çevirmək isə dövlətçiliyin ən ali vətəndaşlıq məktəbidir.

Açıklama yok.

Masallının sərin dağ mehini sinəmə çəkə-çəkə geri dönürdüm. Dəmbəlov dağının zirvələrini qucaqlayan buludlar sanki səmanın ağ örpəyinə bürünmüşdü. Viləş çayı əsrlərin nəğməsini oxuya-oxuya qayaların arasından süzülür, meşələrin pıçıltısı isə insanın ruhuna qəribə bir rahatlıq bəxş edirdi. Dağların sinəsindən qaynar çıxan İstisunun buxarı ilə səhərin şəfəqləri bir-birinə qarışmışdı. Elə bil təbiətin özü insanı qucaqlayır, ona "yenə gəl" deyirdi. Masallının gözəlliyi təkcə onun meşələrində, dağlarında, bulaqlarında deyil. Bu yurdun əsl gözəlliyi onun insanlarının qəlbində yaşayır. Burada təbiətin saflığı insan xarakterinə çevrilib. Burada dağların əzəməti insanların mərdliyində, bulaqların duruluğu insanların niyyətində, meşələrin səxavəti isə insanların qonaqpərvərliyində yaşayır. Bəlkə də elə buna görə Masallıya hər gəliş insanda yeni duyğular oyadır. Buradan ayrılan hər kəs özü ilə yalnız xoş xatirələr aparmır. O, həm də bu yurdun insan sevgisindən, səmimiyyətindən, mənəvi zənginliyindən bir pay götürür.

Mən Masallıdan məhz bu duyğularla ayrıldım. Qəlbimdə dostluğun hərarəti, İstisunun şəfası, Viləşin zümzüməsi, Dəmbəlovun əzəməti və dövlətinə sədaqətlə xidmət edən insanların ömür yolu ilə...

Qalib Rəhimli


MANŞET XƏBƏRLƏRİ