Gedişi var, dönüşü yox: Bakı-Tbilisi-Bakı qatarına bilet satışından böyük narazılıq


Bakı-Tbilisi–Bakı qatar reyslərinə bilet satışı və geri qaytarılma qaydaları yenidən ictimai müzakirə mövzusuna çevrilib.

Turkustan.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda sərnişinlər bu istiqamətdə üzləşdikləri problemlərlə bağlı narazılıqlarını bölüşürlər. İddialara görə, bilet alınarkən geri dönüş biletlərinin əldə olunması imkanları barədə sərnişinlərə kifayət qədər aydın məlumat verilmir.

Bu səbəbdən bir çox vətəndaş Gürcüstana səfər etdikdən sonra Bakıya qatarla qayıtmağın mümkün olmadığını öyrənir. Belə vəziyyətlə üzləşən sərnişinlər ya daha baha qiymətə aviabilet almağa məcbur qalırlar. Tbilisidən qatarla Bakıya dönməyin qeyri-mümkün olduğunu görənlər isə əvvəlcədən aldıqları qatar biletini müəyyən məbləğ tutulmaqla geri qaytarırlar.

Vətəndaşlar hesab edirlər ki, bilet satışı zamanı geri dönüş reysləri, biletlərin mövcudluğu və geri qaytarılma şərtləri barədə daha ətraflı məlumatlandırılmaları sonradan yaranan narazılıqların qarşısını ala bilər.

Qeyd edək ki, son vaxtlar Tbilisi–Bakı istiqamətində qatar biletlərinin turizm şirkətlərinə toplu şəkildə satıldığı və fərdi sərnişinlərin bilet tapmaqda çətinlik çəkdiyi barədə də müxtəlif iddialar yayılmışdı.

Lakin "Azərbaycan Dəmir Yolları" (ADY) bununla bağlı yaydığı açıqlamada həmin iddiaların həqiqəti əks etdirmədiyini bildirərək, biletlərin satışının müəyyən olunmuş qaydalara uyğun həyata keçirildiyini və hər hansı turizm şirkətinə üstünlük verilməsi barədə səsləndirilən fikirlərin əsassız olduğunu bəyan etmişdi.

Geri dönüş bileti ala bilməyən sərnişin bileti qaytardıqda hansı əsasla xidmət haqqı və ya faiz tutulur?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a Azərbaycan Dəmir Yollarından bildirilib ki, bilet satışı həm onlayn, həm də dəmiryol kassalarında həyata keçirilir:

“Sərnişinlər sistemə daxil olarkən hər iki istiqamət (gediş və geri dönüş) üzrə mövcud yerləri, sinifləri və qiymətləri real vaxt rejimində görə bilirlər. Yəni gediş bileti alarkən sərnişin sistemdə dönüş üçün hansı tarixlərdə yer olduğunu, neçə yerin qaldığını və gediş qiymətini əvvəlcədən öyrənə bilir. Bu, ayrıca fərdi bildiriş şəklində deyil, ümumi satış interfeysi üzərindən təqdim edilən açıq məlumatdır. Ümumiyyətlə, yüksək tələbat dövründə (mövsümi sıxlıq, bayram və qeyri-iş günləri) biletlərin tez satılıb tükənməsi sərnişin artımı və qatarlarda yer tutumu ilə bağlıdır.

Qatarla Azərbaycandan Gürcüstan istiqamətində səyahətlə müqayisədə Gürcüstandan Azərbaycan istiqamətində səyahətə tələbatın yüksək olmasının əsas səbəblərindən biri budur ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydalarına əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolu vasitəsilə tərk etməsinə məhdudiyyət yoxdur, lakin Azərbaycana giriş mövcud qaydaya uyğun olaraq təyyarə və qatarla həyata keçirilir.

Bu vəziyyət Gürcüstandan Azərbaycana qayıtmaq və ya səfər etmək istəyən şəxslərin böyük hissəsinin dəmir yolu nəqliyyatına yönəlməsinə səbəb olur. Sərnişin qatarın yola düşməsinə 24 saat qalanadək biletin qaytarılması ilə bağlı müraciət etdikdə biletin tam dəyəri, qatarın yola düşməsinə 24 saatdan 6 saata qədər vaxt qaldıqda biletin dəyərinin 90%-i, 6 saatdan az qaldıqda və ya yola düşdükdən sonrakı 1 saat ərzində müraciət edildikdə isə 75%-i geri qaytarılır.

Bu qayda “Azərbaycan Dəmir Yolları” QSC-nin Nizamnaməsi”nə uyğun olaraq 18.04.2025-ci ildə İradə Heyəti tərəfindən təsdiqlənib”. Qeyd edilib ki, Bakı–Tbilisi–Bakı istiqaməti üzrə sərnişinlərin yüksək tələbatını nəzərə alaraq, müvafiq işlər görülür:

“Hazırda satış müddəti 30 gündən 51 günə qədər artırılıb. Bu proses mərhələli şəkildə 90 günə çatdırılacaq. Həmçinin marşrut üzrə qatarların tərkibinə 2 komfort və 5 standart+ sinif vaqon əlavə olunub.

Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb. Bununla da qatarlarda 386 yerdən 172-si standart+, 182-si yer isə komfort sinif vaqonların payına düşür. Yəni hazırda qatardakı yerlərin 92 faizi sərnişinlərə daha münasib qiymətə təklif edilir.

Bu marşrut üzrə əlavə reysin təşkili ilə bağlı işlər isə davam etdirilir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqları başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.

Ümumiyyətlə, beynəlxalq marşrutların təşkili yalnız tələbata deyil, həm də infrastruktur, sərhəd-keçid prosedurları, qatar parkı və iki ölkənin dəmir yolu administrasiyaları arasında koordinasiyaya bağlıdır. Bununla belə, mövcud imkanların artırılması istiqamətində iş aparılır. Bir məqamı da qeyd edək ki, qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır və Bakıya səfər etmir.

Məlum olduğu kimi, Bakı–Tbilisi–Bakı qatarları həmçinin Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik və Qardabani stansiyalarında dayanır və bu stansiyalardan da sərnişinlər qatara minir və düşürlər. 25 may 2026-cı il tarixindən indiyədək Bakı–Tbilisi–Bakı marşrutu üzrə bütün qatarların doluluq göstəricisi 100% olub”. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ