ƏSMİD İctimai Birliyi İsmayıllıda 12-ci kulinariya təlimini təşkil edib


Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi tərəfindən həyata keçirilən "Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa" layihəsi çərçivəsində növbəti – 12-ci kulinariya təlimi İsmayıllı rayonunda uğurla keçirilib.

QHT.az xəbər verir ki, təlim zamanı iştirakçılara Azərbaycan mətbəxinin sevilən nümunələrindən olan albalı salatı, manqal salatı və toyuq kababının hazırlanması əyani şəkildə nümayiş etdirilib. Təlim praktiki formada təşkil olunub və iştirakçılar yeməklərin hazırlanma mərhələlərində fəal iştirak edərək bu sahədə öz bilik və bacarıqlarını daha da inkişaf etdiriblər.

Təlimçi Xatirə Xudadarova yeməklərin düzgün hazırlanma texnologiyası, istifadə olunan ərzaqların seçimi, gigiyena qaydaları, bişirmə üsulları və yeməklərin estetik təqdimatı barədə iştirakçılara ətraflı məlumat verib. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, onları maraqlandıran suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim edilib.

Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarının artırılması, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi və gələcək məşğulluq imkanlarının genişləndirilməsidir. Layihə çərçivəsində keçirilən kulinariya təlimləri iştirakçıların peşəkar bacarıqlarının formalaşmasına və özünüməşğulluq imkanlarının artırılmasına mühüm töhfə verir.

ƏSMİD İctimai Birliyi layihə çərçivəsində növbəti təlimlərin də davam etdiriləcəyini və iştirakçıların müasir kulinariya sahəsində yeni bilik və bacarıqlar əldə etmələri üçün müxtəlif mövzularda praktiki məşğələlərin təşkil olunacağını bildirib.


MANŞET XƏBƏRLƏRİ