ABŞ Senatı Rusiya və İrana qarşı yeni sanksiyalar paketini təsdiqlədi


ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.

Turkustan.az xəbər verir ki, sənəd növbəti mərhələdə Nümayəndələr Palatasına göndəriləcək.

“Reuters”in məlumatına görə, Senat iyul ayında vəfat edən respublikaçı senator Lindsi Qrehemin təşəbbüsü ilə hazırlanmış qanun layihəsinin lehinə 86, əleyhinə isə 11 səslə qərar verib.

“Lindsey O. Graham Sanctioning Russia and Iran Act of 2026” adlanan sənəd Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və Moskvanın Ukraynaya qarşı müharibəsinə görə iqtisadi təzyiqin artırılmasını nəzərdə tutur.

Qanun layihəsində Rusiyadan enerji alan ölkələrə qarşı əlavə tariflərin tətbiqinə imkan verən müddəalar da yer alır. Sənəd, həmçinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə İrana qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutur.

Qanun layihəsinin qüvvəyə minməsi üçün onun Nümayəndələr Palatasında da qəbul edilməsi və daha sonra prezident tərəfindən imzalanması lazımdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ