Azərbaycan fotoqrafiyasının 165 illiyi münasibətilə “Gilavar Foto Klubu” İctimai Birliyinin təşəbbüsü ilə xüsusi poçt markası hazırlanıb. AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC tərəfindən hazırlanan markanın tərtibatında ölkəmizdə çəkilmiş ilk məlum fotoşəkillərdən istifadə olunub.
Bu poçt markası Azərbaycan fotoqrafiyasının başlanğıcını əks etdirən tarixi görüntülərin filateliya vasitəsilə əbədiləşdirilməsinə xidmət edir. Bununla da Azərbaycan foto sənətinin formalaşmasının ən qiymətli vizual nümunələrindən biri ilk dəfə poçt markasında əks olunub. Marka ölkəmizdə foto sənətinin keçdiyi inkişaf yoluna verilən dəyərin ifadəsi olmaqla yanaşı, bu zəngin irsin filateliya vasitəsilə beynəlxalq ictimaiyyətə tanıdılmasına da mühüm töhfə verəcək.
Qeyd edək ki, sözügedən poçt markası Belçika Poçtu tərəfindən 4,000 nüsxə tirajla blok şəklində çap olunub.
Məlumat üçün bildirək ki, Azərbaycanda foto sənətinin əsası 1861-ci ildə, Bakı buxtasının dənizdən panoramik görüntülərinin çəkilməsi ilə qoyulub. Həmin görüntülər Azərbaycan ərazisində çəkilmiş ilk məlum fotoşəkillər hesab olunur və milli fotoqrafiyamızın başlanğıcını simvolizə edir.



