ANAMA əməkdaşları niyə minaya düşür - əsas səbəb


Ekspertlər deyir ki, burada həm insan faktoru, həm də iqlim şəraiti mühüm rol oynayır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Ərazilərin təmizlənməsi istiqamətində genişmiqyaslı işlər aparılsa da, minatəmizləmə əməliyyatlarının özünün də ağır risklərlə müşayiət olunduğu son hadisə ilə bir daha üzə çıxıb.

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı - 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlaması nəticəsində sağ ayağından xəsarət alıb. Hadisə zamanı digər əməkdaş - 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev də yüngül bədən xəsarətləri alıb. Hər iki əməkdaş xəstəxanaya təxliyə edilib, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.

Bu hadisə təbii olaraq bir sual yaradır: minatəmizləmə ilə məşğul olan şəxslər mina təhlükəsini aradan qaldırarkən özləri niyə minaya düşürlər?

Söyüdlü sakinlərinin dediklərində həqiqət var - Arzu Nağıyev | Modern.az

Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, minatəmizləmə zamanı əməkdaşların minaya düşməsinin əsas səbəblərindən biri dəqiq xəritələrin olmamasıdır. Onun sözlərinə görə, minaların müxtəlif ərazilərdə xaotik şəkildə basdırılması, həmçinin partlamamış döyüş sursatlarının əraziyə nizamsız şəkildə atılması da minatəmizləmə işlərini çətinləşdirən amillərdəndir: "İşğaldan azad olunmuş ərazilərdən vaxtilə erməni təxribatçıları və döyüşçüləri qaçıb gedəndə döyüş sursatlarını və minaları necə gəldi atmalarından irəli gələn məsələlər də var. Eyni zamanda müxtəlif sürüşmələr, təbiətin təsiri ilə minaların yerinin dəyişdirilməsi, bir daha qeyd edirəm, insan səhvləri səbəbindən də belə hadisələr baş verir. İnsan faktorunun rolu yüksəkdir. Risklərin əsas hissəsini xarici və texniki çətinliklər təşkil edir. Minatəmizləmə ən riskli işlərdən biridir. Burada yorğunluq da ola bilər, diqqətsizlik də ola bilər, qaydalara tam əməl etməmək də ola bilər. Yəni bir kiçik səhv bu məsələlərdə ciddi fəsadlara gətirib çıxara bilər".

Deputat mina xəritələrinin olmaması məsələsinin yalnız Ermənistanla əlaqələndirilməsinin düzgün olmadığını da qeyd edib: “Çünki 2020-dən 2023-cü ilə qədər orada Rusiya sülhməramlıları da olub. Mütləq şəkildə onlar da həmin minalanmış ərazilərin xəritələrindən xəbərdardırlar. Dəfələrlə bu haqda ən yüksək səviyyədə danışıqlarda məsələ qaldırılıb. Onlardan da xəritələri almaq lazımdır. Verilən mina xəritələrinin dəqiqliyinin aşağı olması məhz bununla bağlıdır və ya bir çox ərazilərin ümumiyyətlə xəritəyə daxil edilməməsi ilə əlaqədardır”.

Mina təmizləmə prosesinin kifayət qədər təhlükəli olduğunu deyən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, dünyanın heç bir yerində bu prosesi itkisiz həyata keçirmək mümkün olmur. Onun sözlərinə görə, burada həm insan faktoru, həm də iqlim şəraiti mühüm rol oynayır: “Hər bir halda, bu itkiləri minimallaşdırmaqdan ötrü aidiyyəti qurumlarımız kifayət qədər geniş təlim və tədris prosesi həyata keçirirlər. Amma əfsuslar olsun ki, bəzən mülki şəxslərimiz, bəzən mina təmizləyənlərimiz Ermənistan tərəfindən Azərbaycan ərazilərinə uzun illər, on illər boyu düzülmüş minaların qurbanlarına çevrilirlər.

İstənilən halda, bəli, insan faktoru da minadan xəsarət alma məsələsində kifayət qədər paya malikdir".

Ekspert minalanmış ərazilərin xəritələri məsələsinə də toxunub. Onun sözlərinə görə, Ermənistan tərəfinin təqdim etdiyi xəritələr ərazidəki minaların düzülmə sxemi ilə qətiyyən uyğun gəlmir: “Bunların doğruluq payı 25 faizi heç bir zaman keçməyib. XXI əsrdə, GPS-in mövcud olduğu bir dövrdə belə qeyri-dəqiq xəritələrin tərtib olunması böyük şübhə doğurur.

Əslində bu xəritələr, yəni Azərbaycan ərazilərinə düzülən minalanmış ərazilərin xəritələri Ermənistan Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının arxivində saxlanılır. Ermənistan tərəfi əgər istəsəydi, həmin xəritələrin yenilənmiş, GPS-lə dəqiqləşdirilmiş versiyalarını Azərbaycana verə bilərdi.

Görünür, belə xəritələrin nə zamansa Azərbaycana veriləcəyi ehtimalını nəzərə alaraq Ermənistan tərəfi ya bu xəritələri yeniləməyib, ya da bu xəritələrin yenilənmiş deyil, Azərbaycana qeyri-dəqiq, daha doğrusunu desək, köhnə versiyalarını təqdim edib.

Xəritələrlə minaların aşkarlanması, zərərsizləşdirilməsi təbii ki, kifayət qədər böyük təhlükələr vəd edən bir prosesdir. Buna görə də itkilərdən, əfsuslar olsun ki, bəzən yayınmaq mümkün olmur".


MANŞET XƏBƏRLƏRİ