“Demokratiya və İnsan Hüquqları Komitəsi” İctimai Birliyi “Keçmiş məhkumların məşğulluğuna dair sorğuların keçirilməsi” adlı layihənin icrasına başlayır.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Üç ay davam edəcək layihənin əsas məqsədi cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə qəbuluna cəmiyyətdə və əmək bazarında mövcud münasibəti öyrənmək, eləcə də onların əmək bazarına inteqrasiyası sahəsindəki vəziyyəti qiymətləndirməkdir.
Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən 50 müəssisədə sorğuların keçirilməsi nəzərdə tutulur. Sorğular restoran, tikinti, pərakəndə satış, logistika, ağır və yüngül sənaye, aqrar sənaye, eləcə də tez dövriyyəli istehlak məhsulları sektorlarını əhatə edəcək.
Hər müəssisədən bir rəhbər və bir əməkdaş olmaqla ümumilikdə 100 nəfər sorğuya cəlb ediləcək. Bundan əlavə, Bakı şəhərinin 50 sakininin də sorğuda iştirakı planlaşdırılır. Beləliklə, layihə çərçivəsində ümumilikdə 150 respondent arasında sorğu keçiriləcək.
Sorğu anketləri dörd istiqamət üzrə hazırlanacaq:
keçmiş məhkum əməkdaşı olan işəgötürənlər;
keçmiş məhkum əməkdaşı olmayan işəgötürənlər;
müəssisələrdə çalışan əməkdaşlar;
keçmiş məhkumlara münasibətin öyrənilməsi məqsədilə vətəndaşlar.
Sorğular “Ədliyyə könüllüləri” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə planşetlər və telefon əlaqəsi vasitəsilə aparılacaq. Sorğunun anonimliyi tam təmin ediləcək, respondentlərin adı, soyadı, FİN nömrəsi, VÖEN-i və işlədikləri müəssisənin adı kimi şəxsi məlumatlar tələb olunmayacaq.
Toplanmış məlumatlar ekspert tərəfindən təhlil ediləcək, keçmiş məhkumların məşğulluğu sahəsində mövcud güclü və zəif tərəflər müəyyənləşdiriləcək. Təhlilin nəticələrinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və layihənin donor təşkilatına təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, layihə eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli, 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.3-cü bəndinin (cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi prosesində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri cəlb edilməklə, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə götürülməsinə münasibətlərin öyrənilməsi məqsədilə müxtəlif iş yerlərində işəgötürənlər və işçilər arasında sorğuların keçirilməsi) icrasına töhfə veriləcək.