İlham Əliyevdən GƏNCLƏRƏ ÇAĞIRIŞ: "Milli kimliyi üstün tutmalıyıq"


"Biz gələcəyə baxmalıyıq, dünya dəyişir. Yeni təhdidlər və təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşirsə ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, bilməlidir ki, bu heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır".

Turkustan.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirib.

Prezident bildirib ki, mübarizə öz hüquqlarımızı, öz milli kimliyimizi qorumaq üçün, müstəqilliyimizi öz əlimizdə saxlamaq üçündür. Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq: "Amma nəticə etibarilə böyük oyunların qurbanına çevrilirlər. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa-dirçəliş dövrünü görür və bu prosesin iştirakçısıdır”.

Azərbaycan Prezidenti gənc nəslə müraciət edərək, milli kimliyi hər şeydən üstün tutmağa çağırıb: “Azərbaycan xalqının əbədi qürurlu, qalib xalq kimi yaşaması üçün milli kimlik, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, olur belə hadisələr. Amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan. İşğalçının diktəsi ilə oturub durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan, bunu öz övladlarına, nəvələrinə, nəticələrinə aşılayasan. Bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq. Hardasa 20, 30, 50 ildən sonra onlar da bizim kimi olmalıdırlar. Vətənə bağlı, mətin, iradəli, güclü ki, daim Azərbaycan yüksəklərdə olsun”.


MANŞET XƏBƏRLƏRİ