Ermənistan bu məlumatları təqdim etmir – DTX


Ermənistan tərəfinin itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatları gizlətməsi onların taleyinin müəyyənləşdirilməsinə mane olur.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini, general-leytenant Şərafət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi, yaşayış məntəqələrinin və məzar yerlərinin dağıdılması ilə yanaşı, Ermənistanın dəfn yerləri barədə məlumat verməməsi axtarış işlərini çətinləşdirir:

“Ermənistanın bir sıra keçmiş yüksək rütbəli hərbçiləri itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlı olduqlarını etiraf etsələr də, həmin məlumatlar indiyədək Azərbaycan tərəfinə təqdim edilməyib”.

O vurğulayıb ki, Azərbaycan humanitar prinsiplərə əsaslanaraq bu istiqamətdə Ermənistanla əməkdaşlığa hazırdır və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasını sülh və etimadın formalaşması baxımından vacib hesab edir.


MANŞET XƏBƏRLƏRİ